...

Azərbaycan kommunistləri birləşiblər

Siyasət Materials 31 Oktyabr 2011 11:49 (UTC +04:00)
Azərbaycan kommunistləri birlik qurultayı keçiriblər. Bu barədə bazar ertəsi Trend-ə birlik qurultayından sonra Azərbaycan Kommunist Partiyasının (AKP) Mərkəzi Komitəsinin (MK) birinci katibi seçilmiş Telman Nurullayev məlumat verib.
Azərbaycan kommunistləri birləşiblər

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan kommunistləri birlik qurultayı keçiriblər. Bu barədə bazar ertəsi Trend-ə birlik qurultayından sonra Azərbaycan Kommunist Partiyasının (AKP) Mərkəzi Komitəsinin (MK) birinci katibi seçilmiş Telman Nurullayev məlumat verib.

Onun sözlərinə görə, Ələsgər Xəlilovun sədri olduğu AKP və Telman Nurullayevin rəhbərlik etdiyi Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyasının birlik qurultayı bazar günü keçrilib. Nurullayevin sözlərinə görə, qurultayda 98 nümayəndə iştirak edib. Birləşdirici qurultayda partiyanın nizamnaməsi və struktur islahatları ilə bağlı qərarlar qəbul olunub.

AKP MK-nın birinci katibi Nurullayev onu da bildirib ki, partiyada müavinlik institutu ləğv olunaraq katibliklə əvəzlənib. Qurultayda partiyanın ali orqanı olan Plenuma 75, Siyasi Büroya isə 18 üzv seçilib.

Ələsgər Xəlilov, Hacı Hacıyev, Fikrət Əzizov, Rəhim Həsənov, Baxşəli Hacıyev, Kəmalə İbrahimova, Seyidağa Muradov Mərkəzi Komitənin katibləri seçiliblər.

İclasda kommunist yönümlü partiyaların bir təşkilatda birləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi istiqamətində fəaliyyətin intensivləşdirilməsinə dair də qərar qəbul olunub.

Partiyaların birləşməsi ilə bağlı yenidən qeydiyyatın olub-olmayacağı barədə sualı cavablandırarkən Nurullayev deyib ki, belə bir problem yaranmayacaq.

"AKP 1994-cü ildə rəsmi dövlət qeydiyyatından keçib və 1998-ci ildə keçirilən Prezident seçkilərində namizəd irəli sürüb. Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyası da dövlət qeydiyyatından keçib. İndi hər iki partiyanın qeydiyyat şəhadətnaməsi birləşdiriləcək", - Nurullayev deyib.

Xəbər lenti

Xəbər lenti