...

MTN-in Akademiyasında Respublika Günü münasibətilə tədbir keçirilib

Siyasət Materials 26 May 2012 13:50 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
MTN-in Akademiyasında Respublika Günü münasibətilə tədbir keçirilib

Azərbaycan, Bakı, 26 may / Trend müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

MTN-in İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.

Mərasimi giriş sözü ilə Akademiyanın rəis müavini, polkovnik Zakir Əliyev açmış, 28 May gününün təkcə Azərbaycanın deyil, həm də bütün Türk, İslam və Şərq dünyasının tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmişdir. Tarixi ədalətsizlik və qəsblər nəticəsində parçalanmış, bölünmüş böyük Azərbaycanın bir hissəsində qurulmasına və cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərq üçün əsl örnək olmuşdur.

Əliyev bildirmişdir ki, Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik müstəsna hadisə olmaqla yanaşı, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda uzun və ağır mübarizənin məntiqi yekunu idi. "İstiqlal bəyannaməsi" ilə həyata vəsiqə almış Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı fəaliyyəti xalqımızın qədim dövlətçilik ənənələrinin bərpası ilə yanaşı, insan hüquq və azadlıqlarının təmin edilməsinə, dini, milli, irqi, sinfi və digər bərabərsizliklərin ləğvinə, ölkədə demokratikləşmənin inkişafına yönəlmişdir.

Mürəkkəb siyasi vəziyyətə, dövlət quruculuğundakı çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət sisteminin formalaşdırılması sahəsində mühüm addımlar atmış, əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Azərbaycan dilinə dövlət dili statusu verilmiş, dövlət atributları, o cümlədən milli bayrağımız və gerbimiz qəbul edilmişdir. Təsadüfi deyil ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi də 1919-cu il mart ayının 28-dən, Şərqdə ilk demokratik dövlətin Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılmasından başlayır.

Sonradan tarixi yaddaşın silinməsi istiqamətində həyata keçirilən imperiya siyasəti belə azadlıqsevər xalqımızın müstəqillik arzularını söndürə bilməmişdir. Müstəqilliyi əsrin əvvəlində süquta uğrasa da, həmin yüzilliyin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etməyə nail olmuşdur. Azərbaycançılıq ideyaları ilə silahlanmış xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin hələ sovet dönəmindəki fəaliyyəti bu arzuların həyata keçirilməsi üçün zaman-zaman mükəmməl zəmin yaratmışdır. İndiki dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Əgər Heydər Əliyevin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan yaşaya, dünya birliyi dövlətləri sırasında öz layiqli yerini tuta bilməzdi.

Natiq daha sonra qeyd etmişdir ki, hazırda ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Dövlət başçısının məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz günü-gündən möhkəmlənir, Azərbaycan getdikcə daha da qüdrətlənir.

Akademiyanın kursantları Zülfüqar Ağazadə və Aslan Həmidov çıxış edərək 28 Mayın hər bir azərbaycanlı üçün milli iftixar günü olduğunu bildirmişlər. Qeyd etmişlər ki, "müstəqilliyi qazanmaq asan, əldə saxlamaq isə çox çətindir" söyləyən ulu öndərin bu müdrik kəlamı indiki və gələcək nəsillər üçün tövsiyədir, hər an ayıq-sayıqlığa çağırır. Biz çalışmalıyıq ki, Azərbaycanın müstəqilliyi daim möhkəm və etibarlı əllərdə olsun. Bunun üçün bütün azərbaycansevərlər Prezident İlham Əliyevin xalqımızın milli maraqlarının və mənafelərinin hərtərəfli təmin olunması istiqamətində uğurla yürütdüyü siyasəti dəstəkləməli, hər sahədə ona dayaq olmalıdırlar.

Silahlı Qüvvələrin Ali Baş Komandanının səyləri ilə ərazi bütövlüyümüzün tezliklə təmin olunacağı və üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanacağı vurğulanmış, müstəqilliyimizin gələcək təminatçıları olan gənclərin bundan sonra da dövlətimizin başçısı İlham Əliyevin ətrafında daha da sıx birləşəcəkləri qeyd edilmişdir.

Sonra "Müstəqillik yollarında" adlı sənədli film nümayiş etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti