Azərbaycan, Bakı, 23 may /Trend/
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin yeni təhlükəsizlik çağırışları üzrə müavini Qabor İklodini qəbul edib.
Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Məmmədyarov Azərbaycan və NATO arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.
Azərbaycanın regionda və beynəlxalq miqyasda sülh və sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən bəhs edən nazir ölkəmizin bu istiqamətdə fəaliyyətinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Məmmədyarov münaqişənin regionda davamlı sülh və sabitliyin bərqərar olunmasına əsas əngəl olduğunu bildirib və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.
NATO baş katibinin müavini Qabor İklodi NATO-nun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, ölkəmizin regional və beynəlxalq miqyasda sülh və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.
Görüş zamanı NATO-Azərbaycan əməkdaşlığının genişləndirilməsi perspektivləri, eləcə də ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.