...

Azərbaycanın Ağdam şəhəri ilə Macarıstanın Tisavaşvari şəhəri qardaşlaşdılar (FOTO)

Siyasət Materials 7 İyun 2013 15:08 (UTC +04:00)
Azərbaycanın erməni işğalı altında olan Ağdam şəhəri ilə Macarıstanın Tisavaşvari şəhərinin qardaşlaşması barədə birgə bəyannamə imzalanıb.
Azərbaycanın Ağdam şəhəri ilə Macarıstanın Tisavaşvari şəhəri qardaşlaşdılar (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend, S.Əhmədova/

Azərbaycanın erməni işğalı altında olan Ağdam şəhəri ilə Macarıstanın Tisavaşvari şəhərinin qardaşlaşması barədə birgə bəyannamə imzalanıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən bildiriblər.

Məlumata görə, sənədi Tisavaşvari şəhərinin meri doktor Erik Fülöp və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov imzalayıblar.

Nizami Sadıqov bu nəcib addıma görə macar həmkarına minnətdarlığını bildirərək Ağdamın müharibədən əvvəlki və indiki vəziyyəti, erməni işğalçıların rayona vurduğu böyük maddi və mənəvi zərər barədə məlumat verib, Ağdamın qorunub saxlanmış hissəsində görülən böyük bərpa və quruculuq işlərindən söz açıb.

İşğal faktını qətiyyətlə pisləyən Tisavaşvari meri doktor Erik Fülöp Ağdam sakinlərinin, ümumilikdə bütün Azərbaycan əhalisinin üzləşdiyi sarsıntıların Macarıstan xalqına yaxşı tanış olduğunu bildirib. Rəhbərlik etdiyi şəhərin qardaşlaşma sazişi imzalamaqla Azərbaycan xalqının yanında olduğunu, ona mənəvi dəstək verdiyini xüsusi vurğulayıb.

Bəyannamənin şərtlərinə görə, Macarıstan və Azərbaycanın qardaşlaşan şəhərləri öz aralarında iqtisadi və mədəni əlaqələri genişləndirəcək, qarşılıqlı şəkildə biznes maraqlarının təmin olunmasına və turist səfərlərinin təşkilinə dəstək verəcəklər. Eyni zamanda, Azərbaycan, xüsusən də Dağlıq Qarabağ və erməni işğalının acı nəticələri ilə bağlı həqiqətlərin Macarıstanda, bu ölkə reallıqlarının isə Azərbaycanda təbliğinə xüsusi diqqət yetiriləcək.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Ağdam rayonunu Milli Məclisdə təmsil edən millət vəkilləri Aqil Abbas və Bəxtiyar Əliyev, habelə Macarıstan parlamentinin deputatları, parlamentin Macarıstan-Azərbaycan dostluq qrupunun sədri Marton Döndöşü və Macarıstan-Türkiyə dostluq qrupunun sədri Tamaş Hegedüş bu hadisənin iki ölkə xalqlarının qarşılıqlı münasibətlərində yeni səhifə açdığını, Azərbaycanın haqq işinə ciddi mənəvi dəstək olduğunu vurğulayıblar.

Xatırladaq ki, bundan əvvəl, may ayının 9-da Azərbaycanın işğal altında olan Şuşa şəhəri ilə Macarıstanın Döndöş şəhərinin qardaşlaşması barədə niyyət protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti