...

Bahar Muradova: Milli Məclis 2013-cü ilin yaz sessiyasında çox səmərəli işləyib

Siyasət Materials 12 İyun 2013 15:15 (UTC +04:00)
Milli Məclis 2013-cü ilin yaz sessiyasında çox səmərəli işləyib.
Bahar Muradova: Milli Məclis 2013-cü ilin yaz sessiyasında çox səmərəli işləyib

Azərbaycan, Bakı, 12 iyun / Trend, müxbir M.Əliyev/

Milli Məclis 2013-cü ilin yaz sessiyasında çox səmərəli işləyib. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib:

"Hesab edirəm ki, Milli Məclis 2013-cü ilin yaz sessiyasında qanunvericilik işləri planına daxil edilmiş, həmçinin bu planda nəzərdə tutulmayan və sonradan oraya daxil edilmiş qanun layihələrin üzərindəki işini çox səmərəli təşkil edib".

Parlamentin yaz sessiyasının hələ növbədənkənar iclaslarla davam edəcəyini xatırladan Muradova bununla belə, yaz sessiyasının qanunvericilik iş planının yerinə yetirilməsini qənaətbəxş hesab etdiyini bildirib:

"İctimaiyyəti maraqlandıran bir çox məsələlərə həm komitələrdə, həm plenar iclaslarda baxıldı və çox səmərəli işlədik. Növbədənkənar iclaslarda da işimizi davam etdirəcəyik".

Muradova Milli Məclisdə bir neçə ildir müzakirəyə çıxarılan, lakin qəbul olunmayan Rəqabət Məcəlləsi barədə isə bildirib ki, sənəd kifayət qədər sanballı, irihəcmlidir və bu baxımdan, hər bəndinin üzərində çox ciddi iş görülməlidir:

"Rəqabət Məcəlləsinin bir neçə dəfə müzakirədən keçməsinin və daha çox ictimai maraq kəsb etməsinin özü onu göstərir ki, bu sənədin qəbulu ilə bağlı Azərbaycan dövlətinin, eləcə də Parlamentinin, başqa qurumların siyasi iradəsi var".

Vitse-spiker qeyd edib ki, irihəcmli qanunvericilik aktlarının Parlamentdə işlənməsi, hazırlanması prosesi ləng gedir. Onun sözlərinə görə, xeyli məsələlər var ki, onlar digər qanunvericilik aktları, dövrün ictimai-siyasi münasibətlərilə, zamanın diktə etdiyi məsələlərlə uzlaşdırılaraq nəzərə alınmalıdır:

"Bu məcəllənin özünün kifayət qədər irihəcmli, iritutumlu və çox ciddi yanaşma tələb edən bir sənəd olduğuna görə onun üzərində işin bu qədər gərgin getdiyi qənatədindəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti