...

Gültəkin Hacıbəylinin keçmiş əri onu məhkəməyə verdi

Siyasət Materials 24 Sentyabr 2013 18:20 (UTC +04:00)
Sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyev onu məhkəməyə verib və bu gün ərizə ilə Yasamal rayon məhkəməsinə müraciət edib. Bu barədə Trend-ə Mahmud Mehdiyevin özü məlumat verib.
Gültəkin Hacıbəylinin keçmiş əri onu məhkəməyə verdi

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyev onu məhkəməyə verib və bu gün ərizə ilə Yasamal rayon məhkəməsinə müraciət edib. Bu barədə Trend-ə Mahmud Mehdiyevin özü məlumat verib.

M.Mehdiyev bildirib ki, Nəsimi rayon məhkəməsinin 4 iyul 2013-cü il tarixli məlum qətnaməsi ilə bağlı G.Hacıbəylinin ictimaiyyətə yanlış məlumat verməsindən sonra o, kütləvi informasiyalar vasitələrində bəyanat verərək sabiq millət vəkilini məhkəmənin qəbul etdiyi qərara hörmətlə yanaşmasını və ictimaiyyət arasında onun şəxsiyyətinə xələl gətirə biləcək çıxışlarına son qoymasını tələb etmişdi: "Lakin Gültəkin Həcıbəyli bunları nəzərə almayıb, baş verən prosesləri ictimaiyyətə şəxsi mənafeyinə sərf edən tərzdə çatdıraraq özündən "əzabkeş qadın və ana" obrazı yaradıb, KİV-lərdə mənə və ailə üzvlərimə qarşı böhtan xarakterli məlumatlar yaymağa davam edib.

Belə ki, Gültəkin Hacıbəyli "Azadlıq radiosu"na verdiyi müsahibəsində barəmdə böhtan xarakterli məlumatlar yayıb, habelə, bacım Aynur Mehdiyeva heç vaxt polis orqanları tərəfindən saxlanılmadığı, hər hansı istintaq orqanı tərəfindən şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmədiyi halda Gültəkin Hacıbəyli Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatı qəsdən təhrif edərək, bacım haqqında yalan və böhtan xarakterli məlumatlar yayıb".

M.Mehdiyev daha sonra deyib: "Gültəkin Hacıbəylinin yalan olduğunu bilə-bilə heç bir hüquqi əsas olmadan bizim şərəf və ləyaqətimizi ləkələyən, nüfüzdan salan, ağır cinayətdə ittiham etməklə böhtan atması nəticəsində əsassız sorğu-sual olunuruq, qohumlar-tanışlar və kollektiv arasında isə nüfuzdan düşürük və təbii ki, sadə bir vətəndaş kimi hansı mənəvi sarsıntılar keçirdiyimizi təsəvvür etmək heç də çətin deyil. Gültəkin Hacıbəyli qanunun tələblərinə əhəmiyyət verməyərək kütləvi şəkildə yaydığı məlumatları əsaslandırmayıb, bununla da cinayət əməli törədib. Odur ki, Gültəkin Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatları KİV-lərdə yayma) maddəsi ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasından ötrü qərar qəbul olunması üçün xüsusi ittiham qaydasında bacım və mən ərizə ilə Yasamal rayon məhkəməsinə müraciət etmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti