Azərbaycan, Bakı, 26 may /Trend, müxbir S.Ağayeva/
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Aşqabadda keçiriləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Bakıda baş tutan üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, üç ölkənin əməkdaşlığı energetika, turizm, humanitar sahə və siyasətin daxil olduğu geniş spektri əhatə edir.
Onun sözlərinə görə, hər üç ölkə, həmçinin əməkdaşlığın göstərilən sahələrinə məsul olan nazirliklərin rəhbərlərinin görüşü formatını yaratmağı planlaşdırır.
Qeyd edək ki, bu, Azərbaycan, Türkiyə və Türkmənistanın XİN rəhbərlərinin üçtərəfli formatda keçirilən ilk görüşüdür.
Artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.