...

Səməd Seyidov: Şərq Tərəfdaşlığının uğurlu icrasının təmini üçün səhvlərdən nəticə çıxarmaq vacibdir

Siyasət Materials 31 Yanvar 2015 14:17 (UTC +04:00)
Vaşinqtonda keçirilmiş konfransda Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığında iştirakı müzakirə olunub.
Səməd Seyidov: Şərq Tərəfdaşlığının uğurlu icrasının təmini üçün səhvlərdən nəticə çıxarmaq vacibdir

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan "Atlantik Şura"nın hazırda Avropa İttifaqına sədrlik edən Latviya ilə birgə Vaşinqtonda təşkil etdiyi "Avropanın Şərqi üçün Transatlantik Strategiyaya doğru" adlı konfransda Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə verilən məlumata görə, Slovakiya və Gürcüstan xarici işlər nazirləri, Ukrayna xarici işlər nazirinin müavini və Polşa xarici siyasət idarəsinin yüksəkvəzifəli təmsilçisi ilə birlikdə "Bütöv və Azad Avropaya doğru" başlıqlı paneldə çıxış etmiş S.Seyidov Azərbaycanın Şərq Tərəfdaşlığında iştirakı barədə fikirlərini bölüşüb. O, əvvəlcə bu proqram çərçivəsində əldə olunmuş mühüm nəticələri, xüsusilə ötən dövrdə tərəflər arasında viza prosedurlarının sadələşdirilməsi və readmissiya haqqında sazişlərin bağlanması və Azərbaycanın bir sıra Avropa İttifaqı proqramlarında iştirakına yol açan əlavə protokolun razılaşdırılmasını misal gətirib.

Millət vəkili, bundan əlavə, enerji sahəsində aparılan uğurlu dialoq və Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində göstərilən qarşılıqlı səyləri vurğulayıb.

Eyni zamanda, S.Seyidov bəziləri tərəfindən insan hüquqlarından geosiyasi məqsədlər üçün istifadə olunmasını irad tutub. O, bu mənada Avropa İttifaqı institutları tərəfindən Azərbaycana qarşı vaxtaşırı atılan addımların elə Avropanın öz maraqlarının əleyhinə getdiyini qeyd edib.

Növbəti olaraq, postsovet məkanında mövcud münaqişələrə münasibətdə beynəlxalq hüquq prinsiplərinin tətbiqində selektiv yanaşmaya yol verildiyini söyləyən parlamentin komitə sədri bu kontekstdə Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qaldığını xatırladıb. O, əlavə edib ki, ABŞ və beynəlxalq ictimaiyyət vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq tədbirlər görmüş olsaydı, digər postsovet ölkələrində oxşar hadisələr təkrarlanmaz idi.

Mövzu üzrə fikrini davam etdirən S.Seyidov, həmçinin sanksiyaların tətbiqi məsələsində ikili standartların nümayiş etdirildiyini göstərib.

Nəhayət, Azərbaycan Milli Məclisinin üzvü Şərq Tərəfdaşlığının gələcəkdə uğurlu icrasının təmin edilməsi üçün keçmişdə buraxılmış səhvlərin dərindən təhlil edilməsi və lazımı nəticələrin çıxarılmasının vacibliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti