...

GRECO - korrupsiyaya qarşı, yoxsa qarayaxma qrupu?

Siyasət Materials 14 Aprel 2015 12:19 (UTC +04:00)
Azərbaycan hakimiyyəti ölkədə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələləri aradan qaldırılması üçün mühüm addımlar atır. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi öndə durur.
GRECO - korrupsiyaya qarşı, yoxsa qarayaxma qrupu?

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan hakimiyyəti ölkədə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması üçün mühüm addımlar atır. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi öndə durur. Sözügedən fəaliyyətin daha da gücləndirilməsi üçün son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib. Korrupsiyaya qarşı mübarizə üçün Dövlət Proqramı, Fəaliyyət Planı qəbul edilib.

Bütün bunlara baxmayaraq bəzi beynəlxalq təşkilatlar ikili yanaşmalarından əl çəkməyərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Korrupsiyaya qarşı olan dövlətlər qrupu - GRECO-nun hesabatını bu kampaniyanın tərkib hissəsi hesab etmək olar.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Trend-ə deyib ki, Azərbaycanda korrupsiyaya qarşı həmişə mübarizə olub. Bu mübarizə 1969-cu ildən ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayıb. Ondan sonrakı dövrlərdə Azərbaycanda bu proses davam etdirilib, korrupsiyaya qarşı mübarizə aparılıb.

YAP rəsmisinin sözlərinə görə, korrupsiya elə bir bəladır ki, dünyanın hansı nöqtəsində istəsən, buna rast gəlmək olur: "Hətta Avropa İttifaqının özünün tərkibində komissarların bir çoxu korrupsiyaya görə ya işdən uzaqlaşdırılıb, ya da həbs olunub. Ən sərt rejim Çin Kommunist Partiyasındadır. Bir necə il əvvəl Şanxayın merini korrupsiya üstündə güllələdilər. Hətta ən sərt rejimi olan, belə hallara imkan yaratmayan ölkədə də korrupsiya var. Yəni, dünyanın hər yerində korrupsiya var. Bununla yanaşı mübarizə də var. Söhbət korrusiyaya qarşı mübarizədən gedir. Azərbaycanda korrupsiyaya qarşı effektli mübarizə aparılır və bundan sonra da aparılacaq. Bu, bütövlükdə cəmiyyətin ümumi bəlasıdır. Təkcə hansısa hökumətin yox, cəmiyyətin bəlasıdır. Buna qarşı mübarizə isə aparılır".

S.Novruzov deyib ki, GRECO-nun hesabatı ayrı-ayrı öyrədilmiş adamlar və dairələr tərəfindən Azərbaycanın artan nüfuzuna, regionda aparıcı lider dövlət olmasına, ölkədə beynəlxalq tədbirlərin keçirilməsinə görə edilən məsələlərdir: " Amma Azərbaycan öz yolu ilə gedir və bunu da davam etdirəcək".

Milli Məclisin deputatı Tahir Rzayev Trend-ə açıqlamasında bildirib ki, korrupsiya halları bütün dünya ölkələrində mövcuddur: "Korrupsiyanın qarşısının alınması üçün ciddi mübarizə aparılırsa, bu həmin ölkələrin naliyyətidir. Korrupsiyaya qarşı mübarizə dövlətin siyasətinə çevrilirsə, bu, həmin dövlətin inkişafıdır, qüdrətlənməsidir, əhalinin dövlətə olan inamıdır".

Deputat hesab edir ki, Prezident İlham Əliyevin birbaşa diqqəti və göstərişi ilə ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır: "Prezident bütün iclaslarda, tədbirlərdə korrupsiyaya, rüşvətxorluğa qarşı çıxış edir, onun qarşısının alınması üçün tədbirlər görür, tapşıqırlar verir. Ölkədə korrupsiyanın qarşısının alınması üçün xüsusi, böyük bir idarə fəliyyət göstərir, eləcə də bütün təşkilatlara, vəzifəli şəxslərə korrupsiyaya qarşı mübarizə aparılması ilə bağlı tədbirlər planı hazırlanıb verilib. Bu işlər hazılrda da daim davam etdirilir".

T.Rzayevin sözlərinə görə, GRECO kimi beynəlxalq təşkilatlar Azərbaycana qara yaxırlar, bu işlər məqsədli şəkildə aparılır: "Onlar bir dəfə deyil, ümumiyyətlə uzun müddətdir Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ziyan vurmaq üçün belə bəyanatlar yayırlar və bunların hamısı əsassızdır".

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə Trend-ə bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin önəmli bir xəttidir: "Bununla bağlı qanunvericilikdə ardıcıl olaraq dəyişikliklər edilir, boşluqlar aradan qaldırılır, məmur-vətəndaş münasibətlərinin daha sivil səviyyədə formalaşması üçün konkret addımlar atılır. Bu münasibətlərdə birbaşa təmasların aradan qaldırılması üçün ardıcıl işlər görülür, elektron hökumət yaradılır".

F.Ağamalı bildirib ki, bu gün Azərbaycanın "ASAN Xidmət" kimi brendi dünyanın diqqət mərkəzindədir: "Azərbaycan korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparan və bu fəaliyyət nəticəsində konkret nəticələr əldə edən unikal ölkələrdən biridir. Çox təəssüf ki, Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, mövqeyi möhkəmləndikcə bu cür təşkilatlar ölkəmizə qarşı böhtan kampaniyasını davam etdirirlər. Anti-Azərbaycan mövqeyi tutan qurumlar ayrı-ayrı qüvvələrin əlində bir alətə çevrilib. Ən müxtəlif zamanlarda Azərbaycana qarşı qərəzli mövqe ortalığa qoyulur, reallığı, obyektivliyi əks etdirməyən böhtan kampaniyası ortalığa gətirilir. Lakin Azərbaycan öz yolu ilə gedir. Bu xarakterli bəyanatlar isə Azərbaycanın uğurlarına kölgə salmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti