Bakı. Trend:
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, yanvarın 26-dan Bakıda Müttəfiq Dəniz Qüvvələrinin Qərargah rəisi vitse-admiral Corco Latsionun rəhbərlik etdiyi Mobil Təlim Qrupu tərəfindən "Hərbi Dəniz Qüvvələri standartları" mövzusunda təlim kursu başlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kurs müddətində iştirakçılara "Hərbi Dəniz Qüvvələrinin fəaliyyət istiqamətləri", "Əməliyyat İmkanları Konsepsiyası Proqramının elektron məlumat bazası", "NATO Hərbi Dəniz Qüvvələri standartlarına müvafiq sənədlərlə tanışlıq", "Sertifikatlaşdırma prosesi", "Təlimin planlaşdırılması" və s. mövzular üzrə məruzələr təqdim olunacaq.
Vitse-admiral C.Latsionun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Hərbi Dəniz Qüvvələrinin yeni bazasında və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüşlər keçirib.
Təlim kursu yanvarın 28-dək davam edəcək.