...

“Azerspace-2” peykinin 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır (YENİLƏNİB) (FOTO/VİDEO)

Siyasət Materials 26 Sentyabr 2018 12:27 (UTC +04:00)
Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.
“Azerspace-2” peykinin 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır (YENİLƏNİB) (FOTO/VİDEO)

İlk xəbər saat 05:28-də yayımlanıb

Bakı. Trend:

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.

Trend-in məlumatına görə, peyk Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5″ daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.

“Azerspace-2” peyki ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Qeyd edək ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən “Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, “Azerspace-2” şirkətimizin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.

Qeyd edək ki, “Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti