...

Sahil Kərimli: Qoşulmama Hərəkatının Zirvə Görüşünün çağırılması Azərbaycanın pandemiya ilə mübarizədə həssaslığının göstəricisidir

Siyasət Materials 2 May 2020 10:07 (UTC +04:00)
Azərbaycanın pandemiya ilə effektli mübarizə təcrübəsini digər ölkələrlə paylaşması olduqca aktualdır
Sahil Kərimli: Qoşulmama Hərəkatının Zirvə Görüşünün çağırılması Azərbaycanın pandemiya ilə mübarizədə həssaslığının göstəricisidir

Bakı. Trend:

Prezident İlham Əliyev yenə ilklərə imza atır. Azərbaycan lideri daha bir qlobal təşəbbüslə çıxış edir. Dövlət başçısının çağırışı ilə bu dəfə Qoşulmama Hərəkatının üzvləri bir araya gəlir. Mayın 4-də videokonfrans vasitəsilə keçiriləcək "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Bakıdan bütün dünyaya növbəti həmrəylik töhfəsidir.

Azərbaycan istər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, istərsə də Qoşulmama Hərəkatı çərçivəsində sədrlik missiyasından məharətlə istifadə edir. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurası ölkələrinin Zirvə görüşü bu baxımdan hələ də beynəlxalq aləmdə aktuallığını qoruyub saxlayır. Bunun ardınca isə Qoşulmama Hərəkatının Zirvə Görüşünün çağırılması Azərbaycanın pandemiya ilə mübarizədə həssaslığının göstəricisidir.

Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatdır və Azərbaycan bu nəhəng hərəkata sədrliyi uğurla həyata keçirir. Planetdə hökm sürən indiki bu ağır vəziyyətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşacaq Zirvə görüşü olduqca vacibdir. Bu mötəbər tədbir sözsüz ki, pandemiya ilə mübarizədə əməkdaşlığı daha da dərinləşdirəcək. Zirvə görüşü koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu mənada Azərbaycanın pandemiya ilə effektli mübarizə təcrübəsini digər ölkələrlə paylaşması da olduqca aktualdır. Daha bir önəmli məqam isə odur ki, Zirvə görüşündə BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq təşkilatların rəhbərliyinin də iştirakı gözlənilir.

Bu da əlbəttə ki, Azərbaycan Prezidentinin təşəbbüsünə verilən növbəti qlobal dəstək deməkdir. Dünyanın nəzəri yenə Azərbaycana yönəlib. Pandemiya səbəbi ilə yaranan dərin böhrandan çıxış yolları Prezident İlham Əliyevin liderliyi ilə axtarılacaq. Sirr deyil ki, COVİD-19 pandemiyasının yayılmağa başladığı vaxtdan bu günə kimi beynəlxalq müstəvidə bu formatda və miqyasda konfranslar, birgə müzakirələr keçirilməyib. Yəni bu tipli mütərəqqi təşəbbüslər, unikal həmrəylik çağırışları yalnız bizə məxsusdur. Prezident İlham Əliyevin kritik məqamlarda verdiyi çevik və qətiyyətli qərarlar Azərbaycanı dünyada fərqləndirir. Bölgədə yeganə güc sahibi olan Azərbaycan beynəlxalq aləmdə güvənilən, etibar edilən ölkə statusunu artırır, yerini və mövqeyini möhkəmləndirir.

Koronavirusla mübarizə tədbirlərinə gəldikdə, ölkəmiz bu baxımdan da dünyada özünəməxsus imic formalaşdırıb. Artıq ortada Azərbaycan modeli, unikal təcrübəsi mövcuddur və bu reallıq dünya tərəfindən qəbul edilir, bəyənilir. Xüsusilə də, reallaşdırılan sosial-iqtisadi dəstək proqramları, genişmiqyaslı antiböhran tədbirləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Çünki Prezident İlham Əliyev iqtisadi sahədə tənəzzül risklərinə baxmayaraq insan amilini hər şeydən üstün tutur.

Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Ölkəmiz özünəməxsus uğur hekayəsi ortaya qoyur. Bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı qiymətdir. Bu gedişlə yaxın zamanda Azərbaycanın qlobal məkanda müqayisə nümunəsi olacağı şübhəsizdir.

Sahil Kərimli, Trend BİA-nın baş redaktor müavini

Məqalədə:
Xəbər lenti

Xəbər lenti