...

Sədaqət Vəliyeva: Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib

Siyasət Materials 1 İyun 2020 14:36 (UTC +04:00)
Sədaqət Vəliyeva: Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib

Bakı. Trend:

“Hər bir uşağın fiziki-mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması, eyni zamanda, uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkəmizdə uşaqlar daim diqqət mərkəzində olublar: “Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Prezident İlham Əliyev də uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Eləcə də I Vitse-prezident Mehriban xanım Əliyevanın da bu sahədəki fəaliyyəti xüsusi qeyd olunmalıdır”.

“Bu gün ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqları, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarını aylıq sosial müavinətlə təmin edir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara, ünvanlı dövlət sosial yardımı alan ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət verilir, çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları isə ildə bir dəfə olmaqla birdəfəlik müavinətlə təmin olunur: “Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Dövlət başçısının tapşırığı ilə Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Ölkəmizin regionlarında uşaq bərpa müəssisələri şəbəkəsinin qurulmasına başlanıb. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yetkinlik yaşına çatmayan uşaqların yenidən normal həyata dönüşü üçün səmərəli sosial reabilitasiya xidmətləri göstərilir”.
Sədaqət Vəliyeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, bütün uşaqlara rifah dolu, sakit həyat, bol uğur, sağlamlıq arzulayıb: “Qoy körpələrimiz, uşaqlarımız həmişə sülh və əmin-amanlıqda, aydın səma altında böyüsünlər!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti