...

76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva

Siyasət Materials 9 May 2021 18:17 (UTC +04:00)
76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva

Bakı. Trend:

Faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd edirik. Məlumdur ki, azərbaycanlıların və Azərbaycan neftinin bu qələbədə böyük rolu olub. Azərbaycanın təbii ehtiyatları olmadan Böyük Vətən müharibəsində qələbə qazanmaq mümkün olmazdı - bu faktdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər:

"Böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi.
Təsadüfi deyil ki, o zaman müharibəyə yollanan 600 mindən çox azərbaycanlının yarısından çoxu qəhrəmancasına həlak olub. 170 mindən çox soydaşımız orden-medallarla təltif olunub. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən qəhrəmanlarımızın şücaəti əsl qəhrəmanlıq nümunəsi kimi bütün post-sovet məkanında yayılıb.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalarının Qafqazdan Berlinədək şanlı döyüş yolu olub. O dövrdə soydaşlarımız üçün hər şey cəbhə və qələbə üçün idi. Bu, Azərbaycan xalqının vətənpərvər xarakterinin dünyaya təqdimatıdır".

K.Nurullayeva vurğulayıb ki, Ulu öndər Heydər Əliyev müharibə veteranlarını hər zaman “Xalqımızın qızıl fondu” adlandırırdı:

"Bu şəxslərə ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. İstər dövlətin, istərsə də cəmiyyətimizin bu şəxslərə xüsusi münasibəti, ehtiramı var.

76 il əvvəl qəhrəmanlıq nümunəsi göstərən azərbaycanlıların davamçıları 30 illik işğalın aradan qaldırılmasında da eyni şücaəti göstərdilər. 76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın qəhrəmanlıq irsinin davamçıları 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzdi, ərazi bütövlüyümüzü bərpa etdi.

Azərbaycanın bütün dövrlərdə faşizmə münasibəti eyni olub. Lakin təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması faktı barədə Prezident İlham Əliyev dəfələrlə beynəlxalq platformalarda bəyan edib. İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyan Ermənistanın bu davranışı neofaşizm ideologiyasının təbliğidir. Çünki Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.

Prezident İlham Əliyevin də söylədiyi kimi, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Bu il 9 may Qələbə günü tam fərqli ab-havada qeyd olunur. Biz qələbəni öz gücümüzlə, öz iradəmizlə əldə etmişik. Yeni nəsillər isə bu qələbəni qoruyub-saxlamalı, qəhrəmanlıq irsini layiqli şəkildə davam etdirməlidirlər. Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial şəbəkə hesabındakı paylaşımında da qeyd edildiyi kimi: “Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən-nəsillərə ötürəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti