Bakı. Trend:
Ümummilli lider Heydər Əliyev tarixi sınaqdan çıxmış güclü, demokratik Azərbaycan dövlətinin qurucusudur.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, hər bir dövlətin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi cəmiyyətin ictimai-siyasi sabitliyini, bu sabitliyin əsasını təşkil edən iqtisadi yüksəlişin təmin edilməsindən asılıdır:
“Sağlam təməl üzərində qurulmuş vətəndaş cəmiyyəti, iqtisadi yüksəliş, insan haqlarının tam təmini, çevik və demokratik idarəetmə sistemi hüquqi, demokratik dövlətin inkişaf səviyyəsinin əsas göstəriciləridir. Müstəqilliyini yenicə bəyan etmiş Azərbaycanın bu istiqamətdə addımları 1991-1994-cü illərin əvvəllərində xaotik, natamam, fraqmentar xarakter daşıyırdı. Milli maraqlara köklənmiş uzunmüddətli daxili və xarici siyasət konsepsiyasının olmaması ölkəni ağır nəticələrə doğru sürükləməkdə davam edirdi.
Belə bir şəraitdə hər hansı uzunmüddətli məqsədlərə nail olmaq naminə millətin sıx birləşməsi tarixi zərurət idi. Amma o dövrdəki siyasi hakimiyyət nə bunu dərk edirdi, nə də bu missiyanı üzərinə çəkə bilirdi. Hakimiyyətin həyata keçirdiyi uğursuz siyasət nəticəsində dövlət qurumları və ictimai təsisatlar tamamilə tənəzzülə uğramışdı. Ona görə də 1988-ci ildən 1993-cü ilədək olan dövrü tam əminliklə qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü adlandırmaq olar”, - deyə B.Əliyev bildirib.
Komitə sədri vurğulayıb ki, o çətin dövrdə xalqın yeganə ümid yeri Heydər Əliyev idi: “Çünki xalq ulu öndəri tanıyırdı, ona güvənirdi. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan Respublikasına rəhbərliyi dövründə ölkəmiz sürətlə inkişaf etdi, əhalinin sosial vəziyyəti yaxşılaşdı, dünyada tanınmağa başladı. Heydər Əliyev artıq təkcə o zamankı SSRİ-də deyil, həm də dünyada siyasi lider kimi böyük nüfuz qazanmışdı. Ali Sovetin deputatı kimi 1991-1992-ci illərdə Ali Sovetin iclaslarında cəsarətli və praqmatik çıxışlarında ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağın düzgün yollarını göstərərək, Ermənistanın Azərbaycana qarşı hazırladığı məkirli, faciəvi hadisələrin qarşısını almaq üçün görüləcək işləri, qəbul edilməli siyasi və hüquqi qərarları açıq şəkildə bəyan edirdi.
Bütün bunlar xalqın ürəyindən olsa da, o vaxtkı siyasi hakimiyyət xalqdan, milli maraqlardan uzaq düşərək ölkəni və xalqı fəlakətə sürükləyən ya səhv qərarlar qəbul edirdi, ya da siyasi iradəsizlik göstərərək gözləmə mövqeyi tuturdu. Nəticədə müstəqilliyini yenicə əldə etmiş, amma hələ müstəqil siyasətə malik olmayan dövlətin mövcudluğu böyük təhlükə altında idi. Hətta iş o yerə çatmışdı ki, Ermənistanın havadarları ilə birlikdə Azərbaycan Respublikasına təcavüzü ilə yanaşı, həm də ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq zaman gözləmirdi və xalq öz tarixi seçimini etməli idi”, - deyə komitə sədri vurğulayıb.
B.Əliyev bildirib ki, bu ağır “ölüm-qalım” zamanında xalq ayağa qalxaraq, polad iradəyə malik müdrik siyasətçi Heydər Əliyevə siyasi hakimiyyətə qayıtması üçün müraciət etdi:
“Xalqın bu çağırışına cavab verərək 1993-cü ildə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi nəinki bütün Azərbaycanın, həm də bütün dünyanın diqqət mərkəzində idi.
Təsadüfi deyil ki, cənab İlham Əliyev Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda 2002-ci ilin payızında maraqlı, məzmunlu çıxışında qeyd edirdi: “Azərbaycanın bu günü haqqında, ölkənin gələcəkdə nə əldə edəcəyi haqqında danışarkən, elə bilirəm ki, keçmişə nəzər salmaq, Azərbaycanın demokratik inkişafı, tərəqqi, müstəqillik yolunun haradan başlanmasına bir daha qayıtmaq yerinə düşərdi”. Doğrudan da, keçmişi, bu günü və gələcəyi dialektik vəhdətdə nəzərdən keçirmədən ölkənin tərəqqisinə həlledici təsir edən amilləri müəyyənləşdirmək, düzgün, uğurlu siyasət qurmaq olmaz.
Həmin görüşdə cənab İlham Əliyev xüsusilə vurğuladı ki, “1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət sabitləşməyə başladı. Bütün qanunsuz silahlı qruplar tərksilah edildi. Vətəndaş müharibəsinə son qoyuldu. Ermənistanla müharibə dayandırıldı”. Beləliklə, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə dövlətlə xalqın birliyi təmin edildi. Ölkənin daxili və xarici siyasəti, dövlət və ordu quruculuğu konsepsiyası müəyyənləşdirildi, iqtisadi tənəzzülün qarşısı alındı. Heydər Əliyevin şəxsiyyəti və əzmi bütün müqavimətləri qırdı, müstəqilliyə qarşı yönəlmiş hərəkətlər aradan qaldırıldı. Nəticədə müstəqilliyimiz əbədi və dönməz oldu”. Bu, həmin dövr və Ümummilli lider Heydər Əliyevin fəaliyyəti haqqında ən yığcam və dolğun fikirdir, inkaredilməz bir həqiqətdir”, - deyə komitə sədri bildirib.
O vurğulayıb ki, burada zaman və şəxsiyyət, şəxsiyyət və tarix fenomenlərinin necə üst-üstə düşdüyünü, şəxsiyyət tərəfindən tarixin necə yaradıldığını görməmək mümkün deyil:
“Biz tarix yaratmış tarixi şəxsiyyətin - Heydər Əliyevin müasirləri kimi möcüzələr yaradan Ümummilli liderimizlə fəxr edirik.
Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi bu dövr ərzində dövlətimizin zamanın ağır və sərt sınaqlarından çıxmasına, ölkənin gələcək inkişafı üçün mühüm qərarlar qəbul edərək həyata keçirilməsinə nail olmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və ərazilərimizin işğalı faktı dəqiqliklə dünya ictimaiyyətinə çatdırılmışdır. O, bütün çıxışlarında açıq şəkildə və qətiyyətlə bildirirdi ki, bir qarış da olsa torpağımızı heç kimə güzəştə getməyəcəyik və Azərbaycanın ərazi bütövlüyünü tam təmin edəcəyik. Ümummilli lider Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını həmişə qorumuş və ən çətin anlarda belə milli mənafelərimizə uyğun olaraq ən düzgün tarixi və siyasi qərarlar qəbul etmişdir, - deyə B.Əliyev əlavə edib.
Onun fikrincə, Heydər Əliyev fenomenini dərk etmək üçün hələ çox böyük bir zaman lazımdır: “Çünki belə şəxsiyyətlər bir zaman çərçivəsinə sığmırlar. Bəlkə elə ona görədir ki, Heydər Əliyev təkcə iki yüzilliyi deyil, iki minilliyi birləşdirən bir şəxsiyyətdir. Bu ritorik sual heyrət doğuracaq bir həqiqətdir. Deməli, hələ yüz illər lazımdır ki, bu düha öyrənilsin, dərk edilsin.
Çünki Heydər Əliyev qayıdışı möhtəşəm idi, bu, soykökümüzə qayıdış idi. Bu dövr xalqın dirçəlişi, özünə qayıdışı, öz milli mənin dərki dövrü idi. Xalqı və dövləti məhv olmaqdan qurtarmaq, müstəqil dövlət qurmaq və möhkəmləndirmək, onu dünyaya tanıtdırıb qəbul etdirmək, Azərbaycanı dünyanın yeni düzənində söz sahibinə çevirmək missiyasını uğurla həyata keçirmiş dahi Heydər Əliyev Ümumilli lider kimi qəlblərdə əbədiyyət qazandı”, - deyə komitə sədri qeyd edib.
B.Əliyev vurğulayıb ki, müstəqil Azərbaycan dövləti qısa bir zamanda nəinki bölgədə, ümumiyyətlə, beynəlxalq aləmdə ən nüfuzlu dövlətlərdən birinə çevrildi: “Hüquqi, demokratik dövlət quruculuğu uğurla davam etdirilir, vətəndaş cəmiyyəti formalaşır. Ölkədə davamlı surətdə həyata keçirilən islahatlar nəticəsində Azərbacanın ilbəil keyfiyyətcə yeni-yeni mərhələlərə keçməsi artıq bir qanunauyğunluqdur.
2003-cü ildə xalqımız Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcək siyasətini davam və inkişaf etdirəcək görkəmli dövlət xadimi cənab İlham Əliyevə sonsuz inamını və etimadını ifadə edərək onu ölkənin prezidenti seçdi. Bu, xalqın iradəsinin təntənəsi idi.
Prezident İlham Əliyev 12 may 2004-cü ildə Naxçıvan beynəlxalq hava limanının açılışında demişdi: “Bu gün çox gözəl gündür, amma həm də çox kədərli bir gündür. Çünki bu gün Azərbaycan Heydər Əliyevsiz yaşayır...Amma bizə təskinlik verən odur ki, Heydər Əliyevin ideyaları yaşayır. Heydər Əliyevin fəlsəfəsi, siyasəti yaşayır. Onun qurduğu, yaratdığı Azərbaycan yaşayır, güclənir və bundan sonra da yaşayacaqdır.
Biz hamımız bu siyasətə sadiqik. Biz hamımız bu siyasəti davam etdirməliyik. Azərbaycanı gücləndirməliyik, Heydər Əliyevin yolu ilə irəliyə aparmalıyıq. Mən əminəm ki, biz buna nail olacağıq”.
Bəli, cənab Prezident İlham Əliyev xalqımızı azərbaycançılıq ideyası əsasında sıx birləşdirərək müqəddəs amallar uğrunda ölkəmizi inkişaf yolunda sürətlə irəli apardı. Bu tərəqqi, inkişaf o qədər sürətli idi ki, bəzən onunla ayaqlaşmaq belə çətin olurdu. Azərbaycana gələn xarici qonaqlar bir ildən sonra yenidən gələndə onu tanımadıqlarını, bu yeni möcüzənin necə yarandığını başa düşə bilmədiklərini deyir, eyni zamanda ona valeh olurdular. Bax beləcə Prezident İlham Əliyev bütün hədəflərə çataraq Azərbaycan dövlətini müasir güclü dövlətə çevirdi. Həm də böyük sərkərdəlik nümayiş etdirərək işğal edilmiş ərazilərimizi Şanlı Ordusu ilə azad edərək, dövlətimizin Şərəf tarixini yazdı! Bu, həm də Heydər Əliyev siyasətinin təntənəsi idi!
Prezident İlham Əliyev 2004-cü ildə Naxçıvanda ulu öndər Heydər Əliyevə xitabən Azərbaycan xalqı qarşısında dediyi hər şeyə nail oldu!
Bu gün Heydər Əliyevin görmək istədiyi güclü, müstəqil və qalib Azərbaycan dövləti özünün İntibah dövrünü yaşayır. Qarabağ Azərbaycandır!”, - deyə komitə sədri əlavə edib.