Bakı. Asif Mehman -Trend:
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra regionda yeni reallıqlar yarandı. Bu reallıqların ən əsaslarından biri isə Zəngəzur dəhlizidir.
Artıq Azərbaycan dövləti Zəngəzur dəhlizinin yaradılması istiqamətində intensiv işlər aparır. Qısa zamanda istifadəyə verilən Füzuli hava limanı da məhz Zəngəzur dəhlizinin tərkib hissəsidir. Zəngəzur dəhlizi, Naxçıvanla birbaşa quru əlaqəsi yaratmaqla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizində Çinlə Cənubi Avropa arasında ən qısa quru yol əlaqəsini təmin edəcək.
Bəs dünya ölkələrinin Zəngəzur dəhlizi reallığına yanaşması necədir?
Yanvarın 25-də İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etdi. İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyuldu və digər rəsmi görüşlər baş tutdu. Səfərin diqət çəkən məqamlarından biri isə İran nümayəndə heyətinin Zəngilan rayonuna səfəri oldu. İran nümayəndə heyəti Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq inşa edilən nəqliyyat layihələri ilə tanış oldu. İranlı nazir açıq şəkildə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində, investisya layihələrinin icrasında İran şirkətlərinin maraqlı olduğunu bildirdi.
Yəni anlaşılan odur ki, artıq İran Zəngəzur dəlizi reallığını qəbul edir və buna maraq göstərir. Region ölkələrindən Rusiya və Türkiyə də bu məsələ də həmfikirdilər və dəhlizin açılmasında maraqlıdırlar.
Qardaş Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı dəstəyi digər sahələrdə olduğu kimi açıq və qətidir.
Ötən ilin dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü oldu.
Görüşdən sonrakı bəyanatlar, açıqlamalar göstərdi ki, Azərbaycanın regionda yaratdığı reallıqlar Avropa İttifaqı tərəfindən də qəbul olunur. Avropa İttifaqı Brüssel bəyanatı ilə Azərbaycanın təkliflərinin onlar üçün də məqbul olması barədə öz razılığını ortaya qoymuş oldu. Görüşdə həm də o da təsdiqini tapdı ki, Zəngəzur dəhlizində həm dəmiryolu, həm də avtomobil yolu olacaq.
Prezident İlham Əliyevin səyləri nəticəsində Zəngəzur dəhlizi termini beynəlxalq leksikona daxil edilib. Prezident İlham Əliyev demək olar ki, bütün müsahibələrində, çıxışlarında bu ifadəni işlədirlər. Xarici jurnlistlər də sual ünvanlayanda bu termindən tez-tez istifadə edirlər.
Beləliklə bütün türk dünyasını birləşdirəcək və ölkəmizin tranzit əhəmiyyətini, regionun geoiqtisadi mənzərəsini tamamilə dəyişəcək Zəngəzur dəhlizi reallığını dünya artıq qəbul edib.
Asif Mehman
Trend İnformasiya Agentliyi Azərbaycan xidmətinin müdiri