Bakı. Trend:
Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və regionda sülhün bərqərar olması üçün əməkdaşlıq etməlidir. Bunun əksi Ermənistana heç bir fayda gətirməyəcək. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə daha rəzil vəziyyətə düşəcək.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi
iddialarını davam etdirəcəksə, Azərbaycanın da Ermənistanın ərazi
bütövlüyünü şübhə altına almağa tam əsası olacaq.
“Bunun üçün siyasi, tarixi, hüquqi və digər əsaslar var. Bu gün
Ermənistanın yerləşdiyi ərazi son qarışına qədər Azərbaycanın
tarixi torpaqlarıdır. Ermənilər bizim torpaqlara 180-200 il bundan
əvvəl məqsədyönlü şəkildə köçürülüblər, indiki Ermənistan ərazisi
tarixi Azərbaycan torpaqlarıdır. Ermənilərin burada 1918-ci ilə
qədər heç vaxt dövlətləri olmayıb. Bizim dövlətçilik tariximiz isə
5000 ildir.
Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, 1918-ci ilə qədər bu ərazidə ermənilərin dövlət qurumunun olmaması tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev də ən yüksək tribunalardan səsləndirib. Azərbaycan tarixçilərinin ortaya çıxardığı dəlillər də indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu sübut edir.
1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan
sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilib və sonradan
Yerevan adlandırılıb. İrəvan şəhəri və onun ətrafındakı
toponimlərin mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması
bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış
məskənlərindən olmuşdur.
Azərbaycanlılar min illər boyu dədə-baba yurdları olan İrəvanda,
Qərbi Zəngəzurda, Göyçə mahalında, Vedibasarda, ümumiyyətlə,
hazırda Ermənistanın qurulduğu, mövcud olduğu ərazilərdə
yaşayıblar”, - deyə deputat bildirib.
A.Həsənova bildirib ki, tarixin müxtəlif vaxtlarında azərbaycanlılar etnik mənsubiyyətinə görə Qərbi Azərbaycan - indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunub.
“Ermənilərin 1828-ci ildən başlanmış azərbaycanlıların qovulub çıxarılması prosesi 1988-ci ildə başa çatdırıldı. Həmin il azərbaycanlıların axırıncı sakinləri erməni millətçiləri tərəfindən doğma şəhər və kəndlərindən deportasiya edildi. Bu tale həm də min illər boyu yaranmış coğrafi adların – toponimlərin tam genosidi ilə başa çatdı. Azərbaycanlı əhali qovulduqca onun kəndləri dağıdılır və beləliklə, onların adları məhv edilirdi.
Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox
zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki
əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Bu gün də
mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən
silinir. Ermənilər çoxlu sayda nadir Azərbaycan memarlıq və tarixi
abidələrini mənimsəyiblər və ya vəhşicəsinə dağıdıblar! XVII əsrə
aid Xan Sərdar sarayı, XVIII əsrə aid Abbas Mirzə məscidi, XIX əsrə
aid Həsənəli bəyin hamamı, Səlim, Talin, Əfşar karvansaraları və
digər çoxlu sayda mədəni-tarixi irsimiz erməni vandalları
tərəfindən məhv edilib”, - deyə deputat əlavə edib.
A.Həsənova vurğulayıb ki, ermənilərin tarixi saxtalaşdıraraq
Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmə cəhdləri yalnız
onların ziyanına olacaq. “Bu gün sosial-iqtisadi böhran içərisində
çabalayan Ermənistanın yeganə yolu Azərbaycanın 44 günlük vətən
müharibəsi nəticəsində yaratdığı yeni reallıqları qəbul
etməkdir.
Ermənistan 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində dalan bir ölkəyə çevrilib, dərin sosial-iqtisadi və siyasi böhran içərisindədir. Bu gün heç kim, heç bir ölkə Ermənistana kömək edə bilmir. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək əməkdaşlıq etməkdir, əks halda bundan sonra da dalan ölkə olaraq qalacaq və daha rəzil vəziyyətə düşəcək”, - deyə deputat əlavə edib.