...

Prezident İlham Əliyev: Azərbaycan qonşuları ilə gözəl münasibətlərə malikdir

Siyasət Materials 19 Yanvar 2023 18:25 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan qonşuları ilə gözəl münasibətlərə malikdir

Bakı. Trend:

Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: cığırdan magistral yola” mövzusunda panel müzakirələri zamanı deyib.

Dövlət başçısı bildirib:

"Düşünürəm ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Çünki biz siz qeyd etdiyiniz səbəblərdən, mövcud və ənənəvi Şimal marşrutu vasitəsilə daşımalarda çətinliyə görə yük həcminin artmasını gözləyirik. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutu digər marşrutların olmaması nöqteyi-nəzərindən yox, kommersiya baxımından cəlbedici etməliyik. Yeri gəlmişkən görüşümüzə başlayanda mən bizim boru kəmərinin istiqaməti üzrə əyləşdiyimizi gördüm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti