...

Prezident İlham Əliyevin yeni enerji siyasəti - Azərbaycan təchizatı genişləndirir

Siyasət Materials 2 Fevral 2023 23:51 (UTC +04:00)
Prezident İlham Əliyevin yeni enerji siyasəti - Azərbaycan təchizatı genişləndirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah bütün dünyanın diqqəti yenidən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün keçiriləcəyi Azərbaycana yönələcək. Hər il bu tədbir getdikcə populyarlaşır və enerji məsələlərinin həlli səylərinin bir hissəsi olmağa çalışan daha çox potensial tərəfdaşları bir araya toplayır. Və bu səylərin mərkəzində təbii ki, hazırda xüsusi əhəmiyyət kəsb edən bu mühüm infrastrukturun “mavi yanacaq” mənbəyi olan Azərbaycan durur. Avropa ölkələri dəfələrlə bəyan ediblər ki, vaxtilə “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi müdrik qərar idi və bu layihə olmasaydı, indi, enerji böhranı şəraitində qitənin ölkələri üçün daha çətin olardı.

Cənub Qaz Dəhlizi ideyası Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və xarici siyasət strategiyası sayəsində reallaşıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə əvvəldən gələcək üçün nəzərdə tutulmuşdu, layihənin ilk günlərindən potensialın genişləndirilməsi barədə artıq danışılırdı. Bu baxımdan Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təzahürüdür. İndi isə bu infrastruktur vasitəsilə qaz tədarükünün artırılmasına real ehtiyac yarananda Azərbaycan etibarlı tərəfdaş kimi sözünün üstündə durur və daha çox “mavi yanacaq” verməyə hazır olduğunu bildirir.

Sabahkı iclasın xüsusi əhəmiyyəti var və əvvəlkilərdən seçilir. Ənənəvi olaraq, bu iclasda xüsusilə Xəzər regionundan Avropaya təbii qaz tədarükünün qurulması və ya artırılması ilə bağlı məsələlər müzakirə olunub. Bu tədbir çərçivəsində isə “yaşıl” enerji üzrə ilk nazirlər görüşü keçiriləcək. Bu da təsadüfi deyil, bu sahədə Avropa ölkələrinin Azərbaycanla müzakirə edəcəyi bir şey var, çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni enerji siyasəti sayəsində ölkəmiz “yaşıl” enerjinin etibarlı təchizatçısına çevrilir.

Prezident İlham Əliyevin yeni enerji siyasətinin əsasını iki komponent təşkil edir. İlk olaraq, 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumunu qeyd etmək yerinə düşər. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən imzalanan sənəd Azərbaycandan Avropaya təbii qaz tədarükünün iki dəfə artırılmasını, həmçinin alternativ enerji sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Artıq bu sənədin icrasına başlanılıb.

İkinci komponent Azərbaycanın Avropaya qurduğu enerji körpüsüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropaya "yaşıl" enerjidən istehsal olunan elektrik enerjisinin mühüm təchizatçısına çevrilməyi planlaşdırır.

Azərbaycan Avropanın artan tələbatını ödəmək üçün həm təbii qaz, həm də bərpa olunan enerji üzrə böyük potensiala malikdir.

Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrə yaxındır. Təkcə “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən artıqdır. Bu isə Azərbaycana növbəti 100 ildə karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi qalmağa imkan verir.

2022-ci ildə Azərbaycan Avropaya 11,3 milyard kubmetr qaz ixrac edib, 2021-ci ildə isə bu rəqəm 8,2 milyard kubmetr təşkil edib. 2023-cü ildə Azərbaycan Avropaya ən azı 11,6 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır və 2023-cü ildə Azərbaycandan təbii qaz ixracının ümumi həcmi təxminən 24 milyard kubmetr təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr olub. Azərbaycan Avropa bazarına qaz tədarükünün coğrafiyasını genişləndirir. Bu, müsbət nəticədir, çünki Avropanın enerji təhlükəsizliyini qorumaq üçün qaza ehtiyacı var, Azərbaycana isə böyük həcmdə enerji resurslarını satmaq üçün etibarlı bazar lazımdır.

Prezident İlham Əliyevin bu gün Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşündən sonra mətbuata açıqlamasında dediyi kimi, biz iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik.

"Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir", - deyə Prezident İlham Əliyev bildirib.

Qeyd etmək lazımdır ki, TAP konsorsiumu bu yaxınlarda potensialın genişləndirilməsinin birinci mərhələsinə başlayıb. Konsorsium 2026-cı ildən başlayaraq uzunmüddətli müqavilələr çərçivəsində ildə 1,2 milyard kubmetr əlavə güclər ayıracaq.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı haqqında

Azərbaycanın bərpa olunan enerji potensialına gəlincə, quruda külək və günəş enerjisinin həcmi 27 giqavatdan çox, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi isə 157 giqavatdır. Azərbaycan strateji investorlarından biri ilə 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisi istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 giqavat əlavə güc yaratmağı planlaşdırır.

Artıq “yaşıl” enerji ilə bağlı həyata keçirilən layihələr Azərbaycanı Avropaya daha da yaxınlaşdıracaq.

2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl" enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Qara dənizin dibi ilə kabel çəkiləcək və bu kabel vasitəsilə Azərbaycandan Avropaya “yaşıl” enerji veriləcək. Bu o deməkdir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında tam şəkildə iştirak edəcək. BP-nin azad edilmiş Cəbrayılda 230 meqavatlıq günəş enerjisi layihəsinə investisiya qoymaq qərarı da təqdirəlayiqdir. Elektrik enerjisi Zəngəzur dəhlizi ilə ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiyası tikilir.

“Yaşıl” enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi üçün minimum potensial 9200 meqavat, su elektrik potensialı isə ən azı 600 MVt təşkil edir.

İşğaldan azad edilmiş ərazilərdə 30-dan çox orta və kiçik SES tikiləcək, onlardan 5-i artıq istismara verilib.

Ümumilikdə Azərbaycanda həyata keçirilən cari investisiya layihələri (günəş, külək elektrik stansiyaları) ölkəni 700 meqavatdan çox təmiz “yaşıl” enerji ilə təmin edəcək. Paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda gücü 22 min meqavata qədər olan günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır.

Beləliklə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli enerji strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan karbohidrogen enerjisi ilə “yaşıl” enerji arasında balans tapmağa və Avropanın enerji resurslarının hərtərəfli təchizatçısına çevrilməyə nail olub.

Prezident İlham Əliyevin ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman ilə görüşündə vurğuladığı kimi, Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradır. Cənub Qaz Dəhlizi Azərbaycanın ən mühüm beynəlxalq aktividir və “yaşıl dəhliz”lə sinerjidə ölkəmizi Avropanın enerji arteriyasının ən mühüm halqasına çevirir.

Xəbər lenti

Xəbər lenti