...

"Freedom House"un yeni hesabatı Vaşinqtonda hazırlanıb, yoxsa İrəvanda?

Siyasət Analytics 9 Mart 2023 15:34 (UTC +04:00)
"Freedom House"un yeni hesabatı Vaşinqtonda hazırlanıb, yoxsa İrəvanda?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

"Freedom House" yeni hesabatında Azərbaycanla bağlı iki sözdən az qala üçünü yalan yazaraq bölgəni "yeni müharibə" ilə hədələyir, Bakıya təzyiq göstərməyə çalışır və aldığı sifarişi tam yerinə yetirə bilmədiyini pərdələməyə çalışır.

"Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatı "Dünyada azadlıq 2023" ("Freedom In The World 2023") adlı yeni hesabatını yayıb.

Ermənistanın "qismən azad və demokratik ölkə" hesab edilərək 100 dövlət arasında 54-cü yerə layiq bilindiyi sənəddə Azərbaycan "Ermənistana qarşı aqressiya etmiş ölkə" qismində göstərilib.

Hesabatda deyilir: "MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı hadisələrə reaksiyası qurumun sıralarında yeganə qismən azad ölkə sayılan Ermənistanı dəstəkləməkdən imtina etməsi ilə kəskin ziddiyət təşkil edir. Ermənistanın suveren ərazisi Azərbaycan tərəfdən hücuma məruz qalıb. Ukraynadakı hərbi əməliyyatlar Rusiyanın situasiyaya nəzarət imkanlarını xeyli zəiflətdiyindən Rusiyanın təhlükəsizlik təminatlarına rəğmən Azərbaycan Ermənistana qarşı hərbi aqressiyanı artırıb. Azərbaycan silahlı qüvvələri sərhəd boyunca Ermənistan ərazilərini işğal edərək tammiqyaslı müharibə riskini artırıb".

Sənəddə daha sonra vurğulanır ki, bəzi ölkələrdə demokratiya müəyyən diplomatik, texniki və maliyyə dəstəyi almalıdır.

"Freedom House"nin fikrincə, hazırda belə ölkələr "demokratiyanın təzyiq altında olduğu" Ermənistan, Şri-Lanka və Salvadordur.

Hesabatla bağlı geniş iqtibaslar gətirməyə lüzum görmürük, çünki bəhs etdiyimiz hissələr sənədin hansı məzmunda, formatda, səciyyədə və məcrada olduğunu yetərincə göstərir.

Ermənistanın "demokratiyanın təzyiq altında olduğu ölkə" kimi qələmə verilməsinin özü, epitetlərə varmasaq, çox yanlış və bəsit yanaşmadır.

Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən, yaxud gətiriləndən sonra ölkə vətəndaşlarına "tam demokratiya, azad seçkilər, sosial rifah və iqtisadi inkişaf" vəd etsə də, ermənilər bunların yalnız söz olduğunu anlayıblar.

İrəvandakı 4 ən nüfuzlu və ciddi sosioloji araşdırma strukturunun 2020-ci ildən 2022-ci ilin dekabrına keçirdikləri 14 (!) sorğuda rəyi soruşulanların 87 faizi Ermənistanın demokratik ölkə olmadığını, 74 faizi hakimiyyətin vətəndaşların haqlarına ciddi müdaxilə edərək hüquqlarını pozduğunu, 82,3 faizi isə ölkə iqtidarının daxili və xarici siyasətində vəd edilən dəyişikliklərin olmadığını vurğulayıblar.

Populizm, demaqogiya və söz oyunları "demokratiya" hesab edilərsə, Ermənistanı "qismən azad ölkə" saymaq bəlkə də mümkün ola bilərdi.

Lakin Ermənistanda ciddi sosial kapitala və nüfuza malik olan analitiklərin tam əksəriyyətinin israrla təkrarladıqları bir fikir var: Nikol Paşinyan sələfləri Serj Sarqsyan və Robert Köçəryandan yalnız vədləri ilə fərqlənir.

Real işə gəldikdə isə Ermənistandakı kriminal oliqpoliyadakı simalar əvəzlənib, bir oliqarxı başqası əvəzləyib. Xarici siyasətdə əgər Ermənistan əvvəlki prezidentlər dönəmlərində birmənalı olaraq Rusiyanın Cənubi Qafqazdakı satelliti və forpostu rolunu oynayırdısa, indi Avropa İttifaqına can atdığını bəyan edərək Fransanın bölgədəki marionetinə çevrilib.

Bunu müxalifət mediası ilə yanaşı, "Hetq", "Hraparak" və hətta Nikol Paşinyanın bilavasitə nəzarət etdiyi "Haykakan Jamanak" da yazır.

İkinci Qarabağ Müharibəsi zamanı KTMT-nin Ermənistana hərbi yardım etməkdən boyun qaçırması və rəsmi İrəvanın çoxsaylı, hətta fasiləsiz israrlı müraciətlərini təşkilatın cavabsız qoymasının bəsit səbəbi var.

Hərbi əməliyyatlar Ermənistan yox, Azərbaycan ərazisində gedirdi, Azərbaycan 30 illik erməni işğalına beynəlxalq hüquq çərçivəsində son qoyur, suverenitetini və ərazi bütövlüyünü, habelə, sərhəd toxunulmazlığını bərpa edirdi.

"Freedom House" KTMT-nin mövcud anlaşmaları və beynəlxalq hüququ pozaraq Azərbaycana hərbi müdaxilə etməməsini "nöqsan" sayırsa, bu beynəlxalq hüquq-müdafiə təşkilatının ekspertlərinin obyektivliklə yanaşı, elementar məntiqinə və hüquqi savadına dərin şübhələr yaranır.

Ölkəmizin "Ermənistana qarşı aqressiya"sına və "Ermistanın sərhədlərini pozaraq sərhədboyu ərazilər işğal etməsi" ilə bağlı iddialar da marazm səviyyəsindədir.

Azərbaycan heç bir dövlətin ərazisinin 1 kvadratsantimetrini də işğal etməyib və ümumiyyətlə, ölkəmiz işğalçı dövlət deyil. Tam əksinə, son 30 ildə erməni işğalında olan ərazilər azad olunub ki, onların arasında Ermənistanla hələlik şərti olan sərhəd boyunca yerləşən ərazilər də var.

Sözügedən ərazilər Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının inzibati-ərazi xəritəsindədir.

Dünya birliyində formalaşmış praktikaya, beynəlxalq sənədlərə və konvensiyalara görə, əgər bir dövlət işğaldakı ərazilərini azad edirsə və bu proses sərhədboyu zonada da müşahidə edilirsə, "aqressiya və işğal" sayıla bilərmi?

Təbii ki, yox!

"Freedom House"un hesabatını hazırlayan və Azərbaycanla bağlı bisavad, qərəzli və idiotik iddialar yazmış "ekspert"lərin nəzərinə çatdırmaq istərdik ki, beynəlxalq hüquqda "savaş hüququ" ("ius ad bellum") adlanan prinsipi kimsə dəyişməyib. Dövlətin öz suveren hüquqlarını, sərhədlərini və vətəndaşlarının təhlükəsizliyini bərpa etməyə yönəlmiş əməlləri isə imperativ norma ("ius cogens") sayılır.

BMT Nizamnaməsinin (United Nations Charter) 51-ci maddəsinə, habelə Coan Donahyu, Corcio Qayya və Emmanuel Rukunasın birgə hazırladıqları, hazırda hüquqda aprior istinad mənbəyi sayılan birgə məruzələrinə (Beynəlxalq Məhkəmədə Nikaraqua ilə bağlı iş, 1986-cı il) istinadən Azərbaycan tam qanuni addımlar atıb.

Sərhəd toxunulmazlığının bərpası və işğaldakı ərazilərinin azad edilməsi istənilən dövlətin özünümudafiə hüququnun zərurəti, habelə proporsionallığıdır.

BMT Nizamnaməsinin fransız dilində olan redaksiyasında isə əgər hər hansı dövlətin qonşu ölkə ərazilərinə silahlı müdaxiləsi "attaque armùe" kimi səciyyələndirilirsə, silahlı aqressiyası "agression armùe" sayılır.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa belə, işğaldan azadetmə üçün silahlı əməliyyatı aqressiya konsepsiyasından ayırıbsa, ABŞ da bu redaksiya və təqdimatla tam razılaşandan sonra BMT-dəki bütün dövlətlər lehinə səs veribsə, "Freedom House"un yarıtmaz "ekspert"ləri beynəlxalq hüququn təməl prinsipləri sırasında yer alan bu məqamları niyə "unudurlar"?

BMT Nizamnaməsinin 28-ci maddəsində "üzv dövlətlərdən birinə qarşı hücum təhlükəsi yaranarsa Təhlükəsizlik Şurası güc tətbiqi barədə qərar qəbul edə bilər" deyilirsə, dünyanın əksər dövlətlərinin müdafiə doktrinasında "preventiv özünümüdafiə" prinsipi varsa, "Freedom House" nəyə əsaslanaraq Azərbaycanı "aqressor" adlandırır?

Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi 30 il ərzində nə üçün "Freedom House" illik hesabatlarının birində də olsun (!) Ermənistanı aqressor, işğalçı dövlət adlandırmayıb.

Minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetiriləndə bu təşkilat soydaşlarımızın hüquqları arasında ən təməlinin – yaşamaq hüququnun Ermənistan tərəfindən pozulduğunu və onların xüsusi amansızlıqla qətlə yetirildiyini heç bir hesabatında qeyd etməyib.

İnsan haqları, demokratiya və vətəndaş azadlıqları kimi sözlərin arxasında gizlənərək aldığı göstəriş əsasənda əvvəlcədən müəyyən edilərək "hədəf" seçilmiş dövlətlərə qarşı fasiləsiz olaraq qərəzli mövqe tutması ilə tanınan "Freedom House" həmişə olduğu kimi, bu dəfə də səlahiyyət həddini aşıb.

Sadəcə, qeyri-hökumət təşkilatı olan bu qurum beynəlxalq arbitr roluna girməyə can ataraq "demokratiya səviyyəsi"ni müəyyənləşdirərək dünya dövlətlərinin reytinqini hazırlayır.

Halbuki, bunun üçün onun heç bir qanuni əsası, səlahiyyəti yoxdur.

BMT üzvü olan dövlətlərlə yanaşı, separatçı rejimlərin hökm sürdüyü bölgələri və dünya birliyi tərəfindən tanınmayan əraziləri də "dövlət" qismində hesabata daxil edən "Freedom House" necə bir absurdla məşğul olduğunun fərqindədir?

...Məşhur amerikalı konqresmen Tom Lantos ölümündən az əvvəl "Freedom House"un növbəti hesabatı ilə tanış olmuş və dərin təəssüflə demişdi: "Yalnız öz qurumlarımızın və qaydalarımızın demokratik olduğuna əmin olandan sonra başqa millətləri tənqid etmək, başqa dövlətlərə nümunə olmaq iddiasına düşmək haqqımız var".

Əlavə sözə zərurət varmı?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti