Bakı. Trend:
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğur əldə edildi.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerlə telefon danışığı zamanı deyib.
Müdafiə naziri antiterror tədbirləri zamanı hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlığının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edilib.