...

NAZİM İBRAHİMOV: "XARİCDƏKİ AZƏRBAYCAN İCMALARI ARASINDA MİLLİ MARAQLARIMIZI TƏMSİL ETMƏK UĞRUNDA RƏQABƏT GEDİR"

Siyasət Materials 29 Avqust 2005 12:06 (UTC +04:00)
NAZİM İBRAHİMOV: "XARİCDƏKİ AZƏRBAYCAN İCMALARI ARASINDA MİLLİ MARAQLARIMIZI TƏMSİL ETMƏK UĞRUNDA RƏQABƏT GEDİR"
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Trend İnformasiya Agentliyinə müsahibə verib.

- Nazim müəllim, Dünya Azərbaycanlılarının ll qurultayının nə vaxt keçiriləcəyi gözlənilir?

- 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələri və fəaliyyət strategiyasını müəyyən etdi.

Ümummilli liderimiz Heydər Əliyev həmin qurultaydakı nitqində diaspor quruculuğu işinin konsepsiyasını müəyyənləşdirdi və biz fəavliyyətimizi bu konsepsiya əsasında davam etdiririk. Qurultaydan sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı, "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti Haqqında" qanun qəbul edildi.

Hazırda Azərbaycan diasporu öz fəaliyyətində təşkilatlanma mərhələsini yaşayır. Bu baxımdan qurultayın keçirilməsinə ciddi ehtiyac duyulmur.

Lakin bu il Azərbaycan diaspor təşkilatları rəhbərlərinin Bakı Forumunun keçirilməsi gözlənilir. Bu forum Azərbaycan diasporunun tarixində tamamilə yeni bir dövrün əsasını qoyacaq.

Çünki I Qurultayda hələ Azərbaycan icmaları ilə əlaqələr o qədər də yüksək səviyyədə deyildi, müəyyən problemlər öz həllini gözləyirdi. Lakin indi bir çox məsələlər var ki, artıq onlar tamamilə aradan qaldırılıb və Azərbaycan diasporunun mütəşəkkil bir qüvvəyə çevrilməsi istiqamətində xeyli iş görülüb.

Hesab edirəm ki, Bakı Forumu Azərbaycan diasporunun qarşısında duran yeni vəzifələri müəyyənləşdirəcək və yeni tarixi inkişaf mərhələsinin əsasını qoyacaqdır.

- Sonuncu dəfə Komitənin 3 illik fəaliyyətinə dair hesabatınızdan sonra Azərbaycan diasporu ilə bağlı rəhbərlik etdiyiniz qurum hansı işləri həyata keçirib?

- Diaspor quruculuğu sonu olmayan bir prosesdir və hər gün bu sahədə yeni bir hadisə baş verir. Dövlət Komitəsinin fəaliyyətinin üçüncü ildönümünün başa çatmasından o qədər də çox vaxt keçməyib, lakin bu qısa vaxt ərzində də bir sıra tədbirlər həyata keçirilib.

Bir sıra ölkələrdə yaşayan soydaşlarımızın problemləri ilə bağlı Komitə əməkdaşları tərəfindən çox ciddi araşdırmalar aparılıb, onların problemlərinin həlli yollarını əks etdirən təkliflər hazırlanıb.

Bundan başqa, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin Bakı Forumunun keçirilməsi ilə bağlı hazırlıq işləri davam etməkdədir.

Hər gün xaricdə yaşayan soydaşlarımızdan müxtəlif məktublar daxil olur. Bu məktublarda onlar diaspor quruculuğu ilə bağlı təkliflərini və arzularını bildirirlər. Bu təkliflərin hər biri ayrı-ayrılıqda araşdırılır və müvafiq tədbirlər görülür.

Bir çox diaspor təşkilatlarının nümayəndələri Bakıda olublar. Onlarla görüşərək problemləri birgə müzakirə etmişik. Hər gün yeni ideyalar, yeni təkliflər meydana çıxır və onları təhlil etmək, müvafiq nəticələr çıxarmaq lazım gəlir. Bu baxımdan, deyə bilərəm ki, ötən müddətdə bir xeyli iş görə bilmişik.

- Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin dərinləşməsinin onların deportasiyasına gətirib çıxarmaq təhlükəsi varmı? Ümumiyyətlə, Gürcüstan azərbaycanlılarının problemlərinin həlli istiqamətində Dövlət Komitəsi hansı işlər həyata keçirir və Gürcüstanın dövlət orqanları qarşısında bu məsələləri qaldırırmı?

- Gürcüstanda yaşayan soydaşlarımızın problemləri bizi həmişə narahat edib. Çox təəssüf ki, bu gün Gürcüstandan gələrək Azərbaycan kütləvi infolrmasiya vasitələrində Gürcüstan azərbaycanlılarının problemləri ilə bağlı bəyanatlar verənlərin bir çoxu tamamilə başqa maraqlara xidmət edən adamlardır.

Onlar problemlərin əsl mahiyyətini ictimaiyyətdən gizlətməyə çalışır, daha çox ayrı-ayrı detallar üzərində dayanır, real vəziyyətin nədən ibarət olduğunu açıqlamağa cəhd göstərmirlər.

Çünki Gürcüstan azərbaycanlılarının problemlərinin həlli bu adamların marağında deyil.

Hesab edirəm ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemləri kifayət qədər ciddi xarakter daşıyır və onların həlli üçün qəti tədbirlər görülməlidir.

Bu yaxınlarda Dövlət Komitəsinin bir qrup əməkdaşı Gürcüstana ezam edilmişdi. Onlar soydaşlarımızın yaşadıqları bütün bölgələrə baş çəkdilər, problemləri yerində öyrəndilər.

Yerli sakinlər arasında keçirilmiş sorğular, aparılmış araşdırmalar və müşahidələr əsasında Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı xüsusi arayış tərtib edib və Nazirlər Kabinetinə təqdim edib.

Bundan başqa, Dövlət Komitəsi soydaşlarımızın problemlərinin aradan qaldırılması ilə bağlı təkliflər paketi də hazırlayıb.

Bu gün Gürcüstanda yaşayan azərbaycanlıların problemləri kifayət qədər çoxşaxəlidir. Bu problemlərin bir qismi ölkənin özünün sosial-iqtisadi vəziyyəti ilə şərtlənir və bu tamamilə təbii qarşılanmalıdır.

Lakin soydaşlarımızın elə problemləri də var ki, tamamilə başqa amillərin təsiri ilə meydana çıxıb. Azərbaycanlılar torpaq bölgüsündə bir sıra ədalətsizliklərlə qarşılaşıblar, təhsildə ciddi çatışmamazlıqlar mövcuddur, soydaşlarımızın iidarəetmə strukturlarında, hüquq-mühafizə orqanlarında təmsil olunmalarına maneələr yaradılır.

Bütün bunlar təbii ki, soydaşlarımızı narazı salır və onlarda Gürcüstan hakimiyyətinin milli ayrı-seçkilik siyasəti yürütdüyü barədə təsəvvür yaradır.

Hesab edirəm ki, Gürcüstan hakimiyyəti bu mühüm məqamı nəzərə alaraq soydaşlarımızın problemlərinin kompleks şəkildə həllinə nail ola biləcəkdir. Hazırda Gürcüstan parlamentində kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsi ilə bağlı yeni qanun layihəsi müzakirə edilir.

Bir çox mütəxəssilərin fikrincə, yeni qanun torpaq bölgüsündə yol verilmiş ədalətsizlikləri aradan qaldıracaq.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərində təhsilin səviyyəsi minimum tələblərə belə cavab vermir. Məktəblər bərbad vəziyyətdədir, kadrlar çatışmır, dərslik problemi hələ də tam həllini tapmayıb.

Yeni təhsil qanununa görə, Gürcüstanda tədrisin gürcü dilində aparılması nəzərdə tutulub, bu isə gürcü dilini bilməyən soydaşlarımız üçün əlavə çətinliklər yaradır. Digər tərəfdən, gürcü dilini bilməmələri soydaşlarımızın hakimiyyət strukturlarında təmsil olunması imkanlarını da məhdudlaşdırır.

Ona görə də bütün bu prorblemlərin həlli üçün çoxşaxəli və effektli tədbirlər görülməlidir. Bizim hazırladığımız təkliflər də məhz bunu nəzərdə tutur.

- Dövlət Komitəsinin xətti ilə Gürcüstana təşkil ediləcək səfər və Bakıda keçiriləcək konfrans nə vaxta planlaşdırılır?

- Müəyyən texniki səbəblərlə əlaqədar bu səfər və konfrans hələlik təxirə salınıb. Texniki məsələlər öz həllini tapdıqdan sonra nəzərdə tutduğumuz tədbirləri həyata keçirəcəyik. Bu barədə kütləvi informasiya vasitələrinə əlavə məlumat veriləcək.

- Rusiyada iri Azərbaycan diaspor təşkilatları arasında ziddiyyətlər olması barədə məlumatlar yayılır.

Rusiyada və digər ölkələrdəki Azərbaycan icmaları arasında həmrəylik yaradılması, onların birliyinin təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən həmin təşkilatların hər birinə bərabər səviyyədə diqqət ayrılırmı?

- Dövlət Komitəsi xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarına münasibətdə heç vaxt ayrı-seçkilik prinsipinə əsaslanmır. Biz Azərbaycanın milli maraqlarını müdafiə edən, xalqımızın yaşadığı faciələr, məruz qaldığı zorakılıqlarla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa can atan bütün icma və birliklərlə əməkdaşlıq edirik və bundan sonra da bu prinsipimizə sadiq qalacağıq.

Diaspor təşkilatları arasında ziddiyyətlərin mövcud olmasına gəlincə isə, mən bu ziddiyyətlərin kəskin xarakter daşıdığını düşünmürəm. Azərbaycan icmaları arasında Azərbaycanın milli maraqlarını təmsil etmək uğrunda rəqabət gedir və bu çox yaxşı haldır.

Bu cür rəqabət prinsipinin mövcudluğu daha uğurlu nəticələr əldə etməyə stimul yaradır.

Doğrudur, bəzi diaspor təşkilatları arasında münasibətlər heç də sağlam rəqabət prinsipinə əsaslanmır.

Onların bəziləri qarşılıqlı münasibətlərdə emosiyalara daha çox yer verir, qısqanclıq hissi milli hissləri üstələyir. Ancaq bu cür halları bütün diaspor təşkilatlarına aid etmək doğru olmazdı.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan diasporu hələ yeni-yeni formalaşır və onun strukturlaşması, vahid strateji hədəfi olan qüvvəyə çevrilməsi üçün uzun bir vaxt lazımdır.

Bu gün dünyada mövcud olan ən güclü diasporlar da vaxtilə bu mərhələni keçiblər. Ancaq əlbəttə, Dövlət Komitəsi çalışır ki, diaspor təşkilatları arasında tamamilə sağlam əməkdaşlıq prinsipləri mövcud olsun.

Çünki Azərbaycanın beynəlxalq aləmdə təbliği, ölkəmiz haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması diaspor təşkilatlarının birliyindən və həmrəyliyindən çox asılıdır.

Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və hesab edirəm ki, bir neçə ildən sonra xarici ölkələrdə yaşayan soydaşlarımız monolit bir qüvvəyə çevrilərək, milli maraqlarımızı daha böyük əzmlə müdafiə edə biləcəklər.

- Qarşıdan parlament seçkiləri gəlir. Məlum olduğu kimi, Azərbaycanda qeydiyyatda olub xarici ölkələrdə yaşayan azərbaycanlılar yalnız Azərbaycana gələrək səsvermədə iştirak edə bilərlər.

Dövlət Komiəsi xaricdə yaşayan soydaşlarımızın ölkəyə gələrək seçkidə iştirakını təmin etmək üçün hansı tədbirlər həyata keçirir?

- Seçkilərdə iştirak edib-etməmək barədə hər bir vətəndaş müstəqil şəkildə qərar verir. Bu gün xarici ölkələrdə yüzminlərlə Azərbaycan vətəndaşı müvəqqəti olaraq yaşayır və işləyir. Onların hamısını seçki prosesinə cəlb etmək və səsvermədə iştirak etməsi üçün Azərbaycana gətirmək praktiki baxımdan mümkünsüzdür və bunun üçün heç bir hüquqi əsas da mövcud deyil.

Azərbaycan Respubkiasının Konstitusiyasında da qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı istədiyi vaxt ölkəni tərk edə və istədiyi vaxt geri qayıda bilər.

Bu baxımdan biz heç kimi səsvermədə iştirak etməyə məcbur edə bilmərik. Bu hər bir Azərbaycan vətəndaşının müstəsna hüququdur və o, istədiyi zaman bu hüququndan istifadə edə bilər.

Xəbər lenti

Xəbər lenti