ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik sentyabrın 7-də ATƏT-in Daimi Şurasının iclasında iştirak etmək üçün Vyanaya çağırılıb. Bu barədə Trend ə sentyabrın 7-də Anjey Kaspşikin özü bildirib.
O qeyd edib ki, görüşlərdə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti müzakirə edəcək. A.Kaspşikin sözlərinə görə, danışıqların gedişi bu ərazilərdəki vəziyyətə dair qətnamənin layihəsinin mətnindən asılı olacaq. Qətnamənin BMT-nin Baş Assambleyasında qəbul olunacağı gözlənilir.
Diplomat qeyd edib ki, ATƏT-in Daimi Şurasının bugünkü iclasında Azərbaycandakı vəziyyətlə bağlı məsələnin müzakirəsi gözlənilmir. İşğal olunmuş ərazilərdəki vəziyyət isə ayrı-ayrı görüşlərdə müzakirə oluna bilər.
A.Kaspşik qeyd edib ki, Azərbaycanın Benilüks ölkələri və Avropa Birliyindəki səfiri Arif Məmmədovla da görüşməyi planlaşdırır.