...

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq olunub

Siyasət Materials 1 Fevral 2007 15:58 (UTC +04:00)

Milli Məclisin fevralın 1-də keçirilən iclasında yaz sessiyasının qanunvericilik işləri planı təsdiq olunub. Trend in məlumatına görə, parlamentin yaz sessiyasının iş planına 28 qanun layihəsinin müzakirəsi daxildir.

Xatırladaq ki, fevralın 1-də parlamentin yaz sessiyası başlayıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bundan başqa, yaz sessiyasında hökumətin 2006-cı ilin yekunları ilə bağlı hesabatı dinləniləcək, dövlət büdcəsinin necə icra olunması məsələsi müzakirə olunacaq.

"Yaz sessiyasında həmçinin Hesablama Palatasının və insan hüquqları üzrə müvəkkilin hesabatları dinləniləcək", -deyə Oqtay Əsədov vurğulayıb.

O qeyd edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 28 qanun layihəsinin müzakirəsi daxil edilib. Lakin bu o demək deyil ki, qarşıdakı iclaslarda yalnız bu qədər qanun layihəsi müzakirə olunacaq.

"Belə ki, Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə qanun layihələri göndərmək hüqüqu var. Parlamentin yaz sessiyasının gündəliyində bunun üçün xüsusi bölmə ayrılıb və belə təşəbbüslə göndərilən qanun layihələri də müzakirə olunacaq"-deyə Oqtay Əsədov bildirib.

Onun sözlərinə görə, parlamentin daimi komissiyalarında da bir sıra qanun layihələri üzərində iş aparılır. Əgər həmin layihələr üzərində iş başa çatdırılsa onlar da yaz sessiyasında müzakirəyə çıxarıla bilər.

Xəbər lenti

Xəbər lenti