...

Ədalət Partiyasının sədri: "Seçki komissiyalarına cəmiyyətdə düzgünlüyü ilə tanınan şəxslər seçilməlidir"

Siyasət Materials 25 İyul 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda seçki komissiyalarına cəmiyyətdə öz düzgünlüyü, ədalətli mövqeyi ilə tanınmış şəxslər seçilməlidir. Bu barədə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov açıqlama verib.

Qeyd edək ki, seçki komissiyalarının tərkibinin formalaşdırılması məsələsində iqtidarla müxalifət razılığa gələ bilmirlər. Həmçinin bu məsələdə müxalifət daxilində də fikir ayrılıqları var.

İlyas İsmayılov bildirib ki, hansı tərəfin təklifləri qəbul olunsa da, bütün tərəfləri qane edən variantın həyata keçirilməsi çətindir. Ona görə də hansı partiyanı, siyasi düşərgəni təmsil etməsindən asılı olmayaraq, seçki komissiyalarının üzvləri yalnız və yalnız dürüst əqidəli insanlar olmalıdır: "Mən hesab edirəm ki, MSK-da təmsil olunan insanlar ədalətli, haqsevər, bu mövqedən dönməz adamlar olmalıdırlar. Hansı siyasi pariyanı təmsil etməsinin o qədər əhəmiyyəti yoxdur. İndiyə qədər ayrı-ayrı partiyaların - iqtidar, müxalifət, radikal müxalifət sayılan partiyaların nümayəndələri MSK-da təmsil olunublar. Son anda onlar öz partiyalarının ümidlərini doğrultmayıblar. Bu, çox çətin bir prosesdir, seçki komissiyalırının formalaşdırılmasında hansı meyarları tətbiq etsən də, sonda nəsə problem yaranacaq. Ona görə də komissiyalar yalana, saxtakarlığa yol verməyən insanlar seçilməlidir" - deyə İsmayılov qeyd edib.

Onun fikrincə, cəmiyyətdə kimlərin düzgün adam olması, kimlərin saxtakarlığa yol verə biləcəyi məlumdur. Ona görə də belə bir seçim aparmaq və düzgün qənaətə gəlmək olar.

Xəbər lenti

Xəbər lenti