...

Əflatun Amaşov: "Mətbuat Şurası Eynulla Fətullayevin əfv olunacağına ümid edir"

Cəmiyyət Materials 6 Noyabr 2007 19:12 (UTC +04:00)
Əflatun Amaşov: "Mətbuat Şurası Eynulla Fətullayevin əfv olunacağına ümid edir"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Həbsdə olan jurnalistlərin əfvi ilə bağlı məsələ hələ də gündəmdədir və Mətbuat Şurası onların sırasında Eynulla Fətullayevə qarşı da humanizm göstəriləcəyinə ümid edir. Bu fikirləri çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev "terororçuluqla hədələmə", "milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması" və "vergidən yayınma" cinayətlərində təqsirli bilinərək, Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin 30 oktyabr tarixli hökmü ilə 8 il 6 ay həbs cəzasına məhkum edilib. Məhkəmə, həmçinin, baş redaktoru 242 min 522 manat məbləğində cərimələyib və onun qəzetlərinin ofisindən 23 kompüter müsadirə olunub.

Məhkəmənin hökmündən sonra "Human Rights", Sərhədsiz Reportyorlar Təşkilatı, Avropa Şurası bu faktı Azərbaycanda söz və mətbuat azadlığının pozulması kimi qiymətləndirib və Fətullayevin həbsinə etirazlarını bildiriblər.

Mətbuat Şurasının sədri Amaşov bildirib ki, Fətullayevlə bağlı Şuraya da şikayətlər daxil olmuşdu. Şura jurnalistin özünün iştirakı ilə bu şikayətləri müzakirə edib, müvafiq qərarlar çıxarmışdı. Lakin Fətullayevin həbsinə səbəb olan ittihamlar Mətbuat Şurasına aid olmadığından, məsələ məhkəmə müstəvisində araşdırılıb.

"Məncə, hələ son nəticə barədə söz demək çox tezdir. Çünki qarşıda digər məhkəmə instansiyaları dayanır. Əmin olmaq istərdik ki, həmin mərhələdə jurnalistlə bağlı müəyyən həssas məqamlar nəzərə alınacaq"-deyən Amaşov əlavə edib ki, həbsdə olan jurnalistlərin əfvi məsələsi hələ qapanmayıb.

Xəbər lenti

Xəbər lenti