Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir İ.Qasımlı, E.Hüseynli/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Azərbaycanda dövlətə qarşı fəaliyyət göstərən radikal dini qüvvələrin fəaliyyətinin qarşısının alınmasını zəruri sayır. "Son illərdə insanların islam dininə müsbət istiqamətdə münasibətinin dəyişməsində təhlükə yoxdur və bunu fundamentalizm meyilləri kimi qiymətləndirmək lazım deyil. Qatilin dini yoxdur və bunu dindarların ayağına bağlamaq olmaz", cümə axşamı Trend ə açıqlamasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
QMİ sədri deyib ki, namaz qılan, oruc tutan və dua edənlərin sayının artması fundamentalizm deyil. "Əgər fundamentalizm deyildikdə, islam nəzərdə tutulursa, mən buna qarşıyam. İslamla terroru eyniləşdirmək olmaz. İslam terror deyil. Terror varsa-bu, islam deyil" - QMİ sədri əlavə edib.
İran xüsusi xidmət orqanlarının Azərbaycana təsirini şərh edən Paşazadə bildirib ki, hər bir ölkənin qonşu dövlətdə öz maraqlarını tətbiq etməsi təbiidir: "Amma qonşu dövlət özü də buna hazır olmalıdır. İran bizimlə qonşu dövlətdir, orada çoxlu sayda azərbaycanlı yaşayır, geniş əməkdaşlığımız var. Ona görə də İranla bağlı hansısa mövqe bildiriləndə münasibətlərə bu kontekstdən baxıb nəzərə almaq lazımdı".
Bütün Qafqazın şeyxi Azərbaycanın hərbi hissələrində və cəzaçəkmə müəssisələrində dini radikallığın qarşısının alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məhbuslar və hərbçilər arasında maarifləndirici işlər apardığını deyib.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi dekabrda İran İslam İnqilabının Mühafizə Korpusu - "SEPAH" ilə məxfi əməkdaşlıq edən dəstənin zərərsizləşdirilməsi barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Səid Dadaşbəyli və onun dəstəsi 2005-2006-cı illərdə, müxtəlif vaxtlarda İranın Qum, Tehran, Rəşt və Məşhəd şəhərlərinə səfər edib, burada həmin ölkənin xüsusi xidmət orqanının konkret əməkdaşları ilə tanış olub, onların ABŞ, İsrail və digər Qərb dövlətlərinə qarşı, habelə Azərbaycanın Qərbə inteqrasiyadan çəkindirilməsi və ölkəmizdə şəriət qanunları ilə idarə olunan rejimin qurulması istiqamətində mübarizə aparılmasının zəruriliyi barədə fikirləri ilə həmrəyliklərini bildiriblər. İran Xarici İşlər Nazirliyi MTN-nin bu məlumatına etiraz etmiş və düzgün adlandırmamışdı.