...

Ali Məhkəmə "Barmek" prezidentinin kassasiya şikayətini təmin etməyib

Cəmiyyət Materials 26 Fevral 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ali Məhkəmə "Barmek"in prezidenti və 6 əməkdaşının apellyasiya məhkəməsinin hazırlıq iclasının qərarından verdiyi kassasiya şikayətini təmin etməyib.

Bu barədə Trend ə çərşənbə axşamı vəkil Abbas Atakişiyev məlumat verib.

Ali Məhkəmə işi baxmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Barmek"in əməkdaşları barəsindəki məhkəmə hökmündən verilmiş apellyasiya şikayəti üzrə keçirilmiş hazırlıq iclasında vəkillər cinayət işinin təkrar məhkəmə baxışına qaytarılması ilə bağlı vəsatət verib və məhkəmə vəsatəti təmin etməyib. Bu barədə qərardan müdafiə tərəfi Ali Məhkəməyə şikayət edib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə şirkətin prezidenti Hüseyn Arabula 2 il 6 ay müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 5 il sınaq müddətinə 8 il şərti cəza verilib. Bu müddətdə onun Azərbaycandan kənara çıxmasına məhkəmə qadağa qoyub. Şirkətin vitse-prezidenti Ömər Qüney 5 il sınaq müddətinə 7 il şərti iş alıb, Vəfa Ağayevə isə 1 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Bu müddət onun həbsdə saxlanıldığı müddətə hesablanılıb, müddət bitdiyi üçün o, məhkəmə zalından azad olunub. Mahir Novruzov 2 il sınaq müddətinə 4 il şərti, Valeh Zeynalov 3 il sınaq müddətinə 5 il şərti cəza alıblar, Əsgər Əsgərzadəyə isə 1 il 6 ay 2 gün azadlıqdan məhrumetmə cəzası verilib. Bu müddət onun həbsdə sağlanıldığı müddətə hesablanıb və müddət bitdiyi üçün o, məhkəmə zalından azad olunub. Çingiz Abdullayevə isə 2 il 6 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası verilib və həbsdə saxlanıldığı müddəti 1 günü 2 gün hesablanmaqla o da məhkəmə zalından azad olunub. Həmçinin məhkəmə "Bakıelektrikşəbəkə"nin xeyrinə Hüseyn Arabul, Ömər Qüney və Vəfa Ağayevdən müştərək qaydada vurulmuş ziyana görə cərimə cəzası təyin edib.

Baş Prokurorluq da hökmlə razılaşmayıb və şirkətin əməkdaşlarına verilən cəzaların həddən artıq yüngül olduğunu əsas gətirərək, onların cəzasının sərtləşdirilməsi üçün apellyasiya protesti verib.

İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin "Barmek Holdinq A.Ş" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "Bakıelektrikşəbəkə" ASC-nin idarə edilməsi hüququ 25 il müddətinə həmin şirkətə verilib. İstintaqla müəyyən olunub ki, müqavilə ilə nəzərdə tutulmuş investisiya proqramına əsasən, şirkət tərəfindən ilk 5 il ərzində 51 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulmasına baxmayaraq, "Barmek" şirkəti tərəfindən əslində heç bir investisiya qoyulmamış, nəzərdə tutulduğundan xeyli az olan investisiya müəyyənləşməsi isə bütövlükdə "Barmek"in istehlakçıları hesabına həyata keçirilib. İttihama görə, "Barmek" MMC-nin əməkdaşları tərəfindən elektrik enerjisini istifadəyə görə istehlakçılardan toplanmış külli miqdarda pul - 9 milyon 143 min 940 AZN özgə əmlakı mənimsəmə və ya israf etmə yolu ilə talan edilib.    

Xəbər lenti

Xəbər lenti