...

Azərbaycanlı akrobatlar Rusiyada keçirilən turnirdə medal qazanıblar

Cəmiyyət Materials 27 Avqust 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend / Azərbaycanlı akrobatlar Böyük Novqorodda keçirilən "Volkov Kuboku" beynəlxalq turnirində bir gümüş və bir bürünc medal qazanıblar.

Ölkənin Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi xəbərə görə, "gümüş"ü kişilərdən ibarət qrup, bürüncü isə qadın cütlüyü qazanıb.

Qrupun məşqçisi Əvəz Abbasovun sözlərinə görə, balans məşqlərindən sonra dördlük yalnız dördüncü yeri tutub. Lakin temp kompozisiyasını rəqiblərindən yaxşı icra edən Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Elnur Məmmədov və Fərid Məmmədov ikinci yerə yüksəliblər və finalda kombinasiyalı məşqlərlə çıxışdan sonra 85.436 balla bu yeri saxlayıblar. Bundan əlavə, Fərid "Qələbə iradəsinə görə" nominasiyasında turnirin xüsusi mükafatını qazanıb. Birinci yeri isə rusiyalı akrobatlar tutublar.

Qadın cütlüyü Ayla Əhmədova və Dilarə Sultanova balans və temp çıxışlarından sonra dördüncü yeri tutub. Lakin qarışıq kombinasiyanı səhvsiz icra edən duet Rusiya və Belarusiya akrobatlarına uduzaraq 86.415 balla bürünc mükafat əldə edib.

"Bu turnir həm də kiçik dünya çempionatı hesab edilir. Turnirdə ən yaxşı akrobatlar çıxış edirlər, - məşqçi İradə Qurbanova bildirib. - Biz güclü Belçika akrobatlarını qabaqladıq və hazırki dünya çempionları Belarusiya akrobatları ilə sonadək bərabər mübarizə apardıq. Daha bir müsbət faktı qeyd edim. Zalın girişinin qarşısında adətən müxtəlif atributlar satılır və onların arasında Ayla və Dilarənin şəkillərinin olduğu maykalar xüsusilə çox satılırdı. Mən çox qürurlu idim ki, azərbaycanlı akrobatları ölkədən kənarda tanıyır və sevirlər".

Yuniorlar arasında çıxış edən Elçin Məmmədov və Emil Yarəhmədov cütlüyü doqquz duet arasında beşinci yeri tutub (82,6 bal).

Azərbaycanlı akrobatlar sentyabrın əvvəlində Krasnodara üç həftəlik təlim-məşq toplantısına yola düşəcəklər. Onlar Rusiya idmançıları ilə bu ölkənin cənubunda dünya çempionatına hazırlığın son mərhələsini keçirəcəklər. Dünya Çempionatı oktyabrda Qlazqoda keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti