...

Azərbaycanda İnsan Kapitalı Fondunun yaradılması gənclərin peşəkarlar sinfinin səmərəli koordinasiya olunmasına şərait yaradar - İRƏLİ hərəkatının həmtəsisçisi

Cəmiyyət Materials 3 Oktyabr 2008 13:36 (UTC +04:00)
Azərbaycanda İnsan Kapitalı Fondunun yaradılması gənclərin peşəkarlar sinfinin səmərəli koordinasiya olunmasına şərait yaradar - İRƏLİ hərəkatının həmtəsisçisi

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Bu gün Azərbaycan gənclərinin V Forumu keçirilir. Bu məqsədlə Forum iştirakçılarından biri, İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı ilə həmsöhbət olduq. Azərbaycan gənclərinin ötən Forumdan bu günə qədər hansı uğurları əldə etdiyi, nə kimi problemlərlə üzləşdiyi barədə fikir mübadiləsi apardıq.

- Ceyhun bəy, Azərbaycanın son 5 ildə qət etdiyi yola nəzər saldıqda hansı mənzərə ilə rastlaşırıq, bir gənc kimi siz bu mərhələni necə qiymətləndirirsiz?

- Azərbaycanda son beş ildə elə bir fəaliyyət sahəsi olmamışdır ki, orada inkişaf gözə çarpmasın və şübhəsiz ki, gənclər əhalimizin ən böyük sosial təbəqələrindən birini təşkil edən qrup kimi bu inkişafın mərkəzində yer almışdır. Azərbaycanda yeni bir dövr başlamışdır. Bu gün Azərbaycanda aqrar cəmiyyətdən sənaye cəmiyyətinə, sosializmdən kapitalizmə transformasiya bütün sahələr üzrə öz təcəssümünü tapmışdır. Bu gün informasiya texnologiyalarının inkişafı, kreativ meqa layihələrin reallaşması, xidmət sahələrinin genişlənməsi post-sənaye cəmiyyətinə doğru keçidin xoş müjdəçiləridir. Artıq keçid dövrü başa çatmışdır. Biz bir mərhələnin sonundan, digər mərhələnin əvvəlinə qədəm qoymuşuq. Azərbaycan inkişaf etməmiş ölkədən, inkişaf etməkdə olan ölkəyə çevrilmişdir. Dünya ölkələrinin reytinq göstəricilərində Azərbaycan 110-120-ci yerlərdən 60-70-ci yerlərə qədər irəliləmişdir. Əgər əvvəllər bizi inkişaf etməmiş ölkələrlə müqayisə edirdilərsə, bu gün artıq bizi Amerika qitəsinin və Avropanın inkişaf etməkdə olan ölkələriylə müqayisə edirlər. 5 il öncə Azərbaycanda yoxsulluq həddi 49% idisə, bu gün artıq bu rəqəm 16%-ə qədər enmişdir. Bu da Azərbaycandakı uğurlu Məşğulluq Siyasəti nəticəsində baş verdi, belə ki, 5 il ərzində 700 mindən çox iş yerinin açılması bu məsələdə dönüş nöqtəsini təşkil etdi. Azərbaycan adambaşına düşən milli gəlirin artım tempinə görə son 5 ildir ki, dünyada liderdir və əminik ki, bu növbəti 5 ildə də belə olacaqdır. Lakin bu son deyildir, çünki Azərbaycanda həyata keçirilən sosial yönümlü liberal bazar iqtisadiyyatı modeli bizə deməyə əsas verir ki, artıq hədəfimiz ən inkişaf etmiş indekslərdir. İnanırıq ki, ən qısa zamanda Azərbaycanda 1 nəfər də olsun yoxsul insan qalmayacaqdır. Ölkəmizin inkişafına, əhalimizin, xüsusən gənclərimizin sosial rifahına göstərdiyi bu davamlı qayğıya görə Cənab Prezidentimizə sonsuz minnətdarlığımızı ərz etmək istərdim. Bir yandan Azərbaycanın sürətli inkişaf mərhələsinə qədəm qoyması, digər tərəfdən qloballaşan dünyanın çağırışları gənclərimizin qarşısında yeni hədəflər qoyur. Azərbaycanda inkişafın yeni mərhələsi yeni tipli peşəkar menecerlər nəslinin yaranmasını şərtləndirir. Bu gün Azərbaycanda istehlakçı təfəkkürdən, istehsalçı təfəkkürə keçid həyatın bütün sahələrində öz əksini tapmalıdır. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi sübut etdi ki, hər cür inkişafın kökündə dayanan əsas faktor - insandır. Bu gün ən inkişaf etmiş ölkələr ərazisi, əhalisi və sərvəti çox olan ölkələr yox, insan kapitalı güclü ölkələrdir. Bu gün Azərbaycan əhalisinin mütləq əksəriyyətinin təhsilli olması bizə deməyə əsas verir ki, güclü insan kapitalının formalaşdırmaq üçün bizdə yaxşı baza var. Belə ki, əgər biz qısa zamanda ölkəmizdə dünyanın bu günkü inkişaf tempini tuta bilən kadrlar yetişdirə bilsək, Azərbaycanda bütün sahələr dünyanın inkişaf sürətinə adoptasiya ola bilər. Çünki, məhz keyfiyyətli insan yüksək elmin, tərəqqinin, mədəniyyətin daşıyıcısı ola bilər.

- Bir müddət əvvəl belə bir təşəbbüslə çıxış etmişdiniz ki, Azərbaycan Prezidenti yanında İnsan Kapitalı Fondu yaradılmalıdır. Bu təşəbbüsün kökündə nə dayanır və sizcə belə bir Fondun yaradılması Azərbaycan gəncliyinə nə kimi töhfə verəcək?

- Cənab prezidentimizin neft kapitalının insan kapitalına çevrilməsi məqsədilə 5000 Azərbaycan gəncinə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün şərait yaratması biz gənclər tərəfindən böyük rəğbətlə qarşılandı. Bu siyasət müstəqil Azərbaycan dövlətində insan kapitalının formalaşmasının inkişafında dönüş nöqtəsini təşkil edəcəkdir. Bu gün bütün dünyada istehsalın artım tempi peşəkar kadrlara olan tələbatı kəskin şəkildə artırmışdır. Bununla yanaşı əgər böyük bir sənaye müəssisəsinin qurulmasına bəzən 2-3 il tələb olunduğu halda, peşəkar kadrın formalaşmasına 25-30 il tələb olunur. Azərbaycandakı dinamik inkişaf sayəsində peşəkar kadrlara olan ehtiyac kəskin şəkildə artmışdır. Hətta bəzi sahələrdə yerli kadr çatışmazlığı hiss olunur ki, bu boşluq xaricdən kadrların cəlb edilməsi hesabına doldurulur. Növbəti 5 ildə Azərbaycanda həyata keçiriləcək makroiqtisadi layihələr zamanı peşəkar kadrlara tələbat özünü daha da biruzə verəcəkdir. Özəl sektorla yanaşı bu gün dövlət qulluğuna da daha çox peşəkar insanların cəlb olunması məqsədi ilə dövlət sektoru maaşlarının rəqabət qabiliyyətliliyinin artırılmasına ehtiyac vardır. Təhlillər göstərir ki, bütün bu məsələləri kompleks şəkildə həll etmək məqsədi ilə Azərbaycanda insan kapitalı siyasətinin genişləndirilməsinə və İnsan Kapitalı Fondunun yaradılmasına ehiyac vardır. Belə bir Fondun yaradılması hal-hazırda Azərbaycanda və xaricdə olan böyük bir gənc peşəkarlar sinfinin səmərəli koordinasiya olunmasına və müasir dünyadakı elmi, texniki və mədəni tərəqqinin Azərbaycana transfer olunmasına şərait yaradacaqdır.

- Azərbaycan gənclərinin bugünkü durumuna nəzər salsaq, vəziyyət necədir? Bir gənc olaraq gənclərimizin bugünkü vəziyyəti sizi qane edirmi?

- Hər il Azərbaycan ali məktəblərində on minlərlə tələbə təhsil almaqdadır və tələbələr bu gün Azərbaycan gənclər hərəkatının əsasını təşkil edirlər. Fürsətdən istifadə edərək, prezidentimizə, geniş tələbə kütləsinə bu gün pulsuz təhsil üçün şəraitin yaradılmasına, eyni zamanda tələbə və magistrlərin mütəmadi olaraq təqaüdlərinin artırılmasına görə dərin minnətdarlığımızı bildiririk. Qeyd etmək istərdim ki, hazırda mənim təmsil etdiyim "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatının da üzvlərinin əksəriyyətini tələbələr təşkil edir. Əsas məqsədi gənclərin çoxvektorlu inkişafı olan hərəkatımız 3 illik fəaliyyəti dövründə 30 istiqamətdə 550-dən çox layihənin həyata keçirilməsinə müvəffəq olmuşdur. Hər il əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlar vasitəsi ilə 200-ə yaxın üzvümüzü xaricdə təşkil olunan proqramlara göndəririk ki, bu da bütövlükdə Azərbaycan gənclərinin inkişafına, beynəlxalq əlaqələrinin genişlənməsinə və Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına xidmət edir. Gənclərin beynəlxalq əlaqələrindən söz düşmüşkən qeyd etməyi özümə borc bilirəm ki, bu gün Azərbaycan gəncləri bəlkə də Avropanın ən fəal gəncləridir. Çünki prezidentimizin həyata keçirdiyi dinamik xarici siyasət nəticəsində artıq dünya Azərbaycanı tanıyır və Azərbaycana etibar edir. Əlbəttə ki, bu da öz növbəsində gənclərimizin yolunun açılmasına xidmət edir. Bu gün artıq Azərbaycan gəncləri müxtəlif beynəlxalq proqramların tək iştirakçısı deyil, eyni zamanda təşkilatçısıdır, hətta son illərdə bir sıra gənclərimiz Avropanın və dünyanın mötəbər gənclər təşkilatlarının rəhbər vəzifələrinə qədər yüksəlməyə müvəffəq olmuşlar. Bir çox gənclərimizin səsi dünyanın nüfuzlu biznes strukturlarından, səhiyyə ocaqlarından, elmi mərkəzlərindən gəlməyə başlamışdır. Bu gün xaricə gedən hər bir tələbə orada təhsil almaqla yanaşı öz ölkəsinin lobbisti olmağa can atır. Bu gün mərkəzi Brüsseldə yerləşən və artıq Avropa Parlamenti tərəfindən Azərbaycanın ilk rəsmi lobbist təşkilatı olaraq qeydə alınan Avropada yaşayan Azərbaycanlı Tələbələrin Forumunun fəaliyyəti buna başlıca misaldır. Bu günə kimi ayrı-ayrı illərdə Sərhədsiz Gənclər Təşkilatı, Azərbaycan Könüllülər İctimai Birliyi və Gələcəyə Körpü Gənclər Təşkilatı Avropa Şurasının ən mötəbər mükafatlarına layiq görülüblər. 2 il əvvəl Finlandiyada dünyada gənclərin uğurlu iştirak modellərinə dair Avropa Birliyi və BMT tərəfindən həyata keçirilən beynəlxalq tədbirdə Azərbaycanda yaradılmış Gənclər Parlamenti modeli bütün dünyaya müsbət nümunə kimi göstərilmişdir.

- Yəqin razılaşarsınız ki, bu gün gənclərimizin bir sıra problemləri də var. Bu problemlərdən başlıcası təhsillə bağlı olan problemdir. Gənclər bu problemin həlli istiqamətində görülən işləri necə qiymətləndirirlər?

- Bu gün gənclərimiz arasında keçirilən çoxsaylı sosioloji sorğuların nəticələrini təhlil edərkən gənclərimizin prioritet istiqamət olaraq hər zaman təhsili ön plana çəkdiyinin şahidi oluruq. Təhsildən söz düşmüşkən bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanda son 5 ildə tikilən məktəblərin sayı, son 200 ildə tikilən məktəblərin sayının yarısına bərabərdir. Dünyada analoqu olmayan bu nailiyyətə görə Cənab Prezidentimizə və Heydər Əliyev Fonduna minnətdarıq.

Hazırda Azərbaycanın ali məktəblərində gedən islahatlar da tələbələrimizə böyük ümidlər vəd edir. Bir sıra ali təhsil ocaqlarımız artıq Bolonya prosesinə qoşulmuşdur ki, bunun sayəsində həmin universitetlərin məzunlarının diplomları bütün Avropa Birliyi ölkələri tərəfindən tanınmaqdadır. Lakin bu prosesin Azərbaycanda davam etməsinə, bütün ali məktəblərimizin özlərini Bolonya sisteminə uyğunlaşdırmasına ciddi ehtiyac vardır. Eyni zamanda dünya təhsilindəki son nailiyyətlərin ali məktəblərimizdə tətbiq etmək məqsədi ilə ali məktəblərimizdəki bütün fakültələrin xaricdəki nüfuzlu ali məktəblərin müvafiq fakültələriylə əməkdaşlıq etməsi zəruridir. Belə olan halda həmin universitetlərlə həm tələbə, həm də müəllim mübadiləsi sürətlə həyata keçirilər. Bu isə elmi - pedoqoji kadrlarının müasir tələblərə uyğunlaşmasına səbəb olar. Azərbaycanda ali təhsil sistemi inkişaf edərsə bu eyni zamanda gələcəkdə təhsil turizminin inkişafına gətirib çıxarar və Azərbaycanda yeni universitet şəhərciklərinin tikilməsinə səbəb olar. Bu gün dünyada elə ölkələr vardır ki, onların büdcəsinin 40 faizi həmin ölkələrə təhsil üçün gələn tələbələrin, yəni təhsil turistlərinin xərclədiyi pullardan formalaşır. Bu eyni zamanda həmin ölkələrin reallıqlarının da dünyaya yayılmasına xidmət edir ki, Azərbaycanın da bu təcrübədən daha geniş yararlanmasında ehtiyac vardır. Ali məktəblərdən söz düşmüşkən mühüm bir məqamı nəzərinizə çatdırmaq istərdim:

Bildiyiniz kimi, Ermənistanın 20 faizə yaxın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar olaraq ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi köçkün vardır ki, onların da bir hissəsi müvəqqəti olaraq tələbə yataqxanalarında məskunlaşmışlar. Lakin dövlətimiz bütün qaçqın və məcburi köçkünlərimizə hər zaman fərdi qayğı ilə yanaşmışdır və bunun nəticəsi olaraq qısa zamanda Azərbaycanda çadır şəhərcikləri ləğv edilmiş və 15713 mənzillik 49 yeni qəsəbə qaçqın və məcburi köçkünlərimizin istifadəsinə verilmişdir. Bu humanist siyasətin davamı olaraq tələbə yataqxanalarında məskunlaşan insanlar üçün yeni qəsəbələrin salınmasını, tələbə yataqxanalarının isə yenidən təmir edilərək tələbələrin istifadəsinə verilməsini xahiş edirik. Çünki hal-hazırda Bakı şəhərində əmlaka artan tələbatla əlaqədar olaraq mənzil kirayə qiymətləri bahalaşmışdır ki, bu da regionlardan ali məktəblərə qəbul olan tələbələrin paytaxtda təhsil almasına əngəl törədir. Əminik ki, gənclərimizin digər qayğıları kimi bu məsələ də dövlətimizin nəzarətindədir və mümkün olan ilk fürsətdə öz həllini tapacaqdır.

- Bu gün Azərbaycan gənclərinin V Forumu keçirilir və siz də bu Forumun iştirakçısısınız. Təəssüratlarınızı bilmək maraqlı olar...

- Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu başımız üzərindədir. Çünki məhz Ulu Öndərimiz Azərbaycanda gənclər forumlarının keçirilməsi ənənəsinin əsasını qoymuşdur. Məhz Ulu Öndərimiz dünyada nümunəsinə az rast gəlinən Gənclər gününü təsis edərək biz gənclərə hədiyyə etmişdir. Öndərimizin xalqımıza, o cümlədən gənclərimizə qoyub getdiyi mirası saymaqla bitirmək olmaz. Amma bir də Ulu Öndər bizə elə bir miras, elə bir əmanət qoymuşdur ki, onun uğrunda hər birimiz hər an canımızdan keçməyə hazırıq. Bu əmanət müstəqil Azərbaycan Respublikasıdır.

Bizim bir millət olaraq böyük tarixi keçmişimiz vardır. Tarixdə bizim qüdrətli dövlətlərimiz olub, sərkərdələrimiz olub. Lakin eyni zamanda biz tarixdə çox səhvlər etmişik... Həmin səhvləri unudaraq yenə də səhvlər etmişik... Hər dəfə də ərazimizi itirmişik, əhalimizi itirmişik, dilimizi itirmişik. Lakin nə böyük bir xoşbəxtlikdir ki, yaxın tarixdə tale bizə Ulu Öndər Heydər Əliyevi bəxş etdi ki, o, bizi növbəti itkidən qurtardı. Məhz onun xidmətləri sayəsində bu gün Azərbaycan və azərbaycanlılar tarixin heç bir dövründə olmadığı qədər müstəqildir. Müstəqillikdən daha böyük nemət isə, şəxsən mən bir gənc olaraq, təsəvvür etmirəm. Bu gün başımızın üstündə Azərbaycan bayrağı vüqarla dalğalanırsa, bu, məhz Ulu Öndərimizin xidmətidir... Gələcəkdə çox gənc nəsillər bir-birini əvəz edəcək... Lakin məhz bizim - bugünkü gənc nəslin tarix qarşısında məsuliyyəti daha böyükdür. Çünki biz müasir tariximizi görən, Ulu Öndərimizi görən, onunla təmasda olan gənclər nəsliyik. Ona görə də biz Ulu Öndərimizin bizə ən böyük əmanəti olan müstəqil Azərbaycan dövlətini qoruyub-saxlayacaq, onu daha da gücləndirəcək və gələcək nəsillərə çatdıracağıq. İnşallah ən qısa zamanda erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızı da azad edəcək, Ulu Öndərimizin vəsiyyətini yerinə yetirmiş olacağıq.

Bəli, bu gün biz gənclər müstəqilliyimizlə fəxr edir və ondan ilham alırıq. Dünyadakı çox müstəqil ölkədən bizim fərqimiz odur ki, müstəqillik sözü bizim üçün ritorika deyil, reallıqdır. Bu gün biz günü-gündən qüdrətlənən dövlətimizlə qürur duyuruq. Millətimiz və dövlətimizin nüfuzu dünyada günü-gündən yüksəlir. Azərbaycan artıq lokal yox, dünya miqyaslı oyunçu kimi özünü təsdiq edib. Bu gün Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər güclü və müstəqildir. Və bu güc Azərbaycan xalqına heç vaxt olmadığı qədər ümid, inam və özünə güvən verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti