...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı fikirlərini əsassız sayır

Cəmiyyət Materials 13 May 2010 16:42 (UTC +04:00)
Dövlət Komitəsinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Dini Komitə Şirazinin söylədiyi fikirləri əsassız hesab edir və bundan təəssüflənir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı fikirlərini əsassız sayır

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Dini Komitə Şirazinin söylədiyi fikirləri əsassız hesab edir və bundan təəssüflənir.

"Din xadiminə yaraşmayan və böhtan xarakterli bu cür fikirlər qəbuledilməzdir", - komitənin məlumatında vurğulanır.

Ayətullah Şirazi bir neçə gün öncə Azərbaycanda məscidlərin sökülməsini pisləyib, hökuməti xəbərdarlıq edib ki, məscidlərin dağıdılması davam edərsə, müqavimət fətvası verəcək və bu yolda həlak olanları şəhid elan edəcək.

Komitə bəyan edir ki, məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib.

"Bu qərarlara siyasi don geyindirmək yolverilməzdir. Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Azərbaycan müsəlmanlarını, ümumiyyətlə, müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik aparmaq, başqa sözlə, müsəlmanları üz-üzə qoymaq isə heç kimə başucalığı gətirməz", - komitənin məlumatında qeyd olunur.

Xəbər lenti

Xəbər lenti