Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanda 2010-cu ildə aşkar olunmuş onkoloji xəstələrin sayı 6 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2010-cu ilin yekunları ilə bağlı Parlamentə təqdim etdiyi hesabatda bildirilir.
Ölkədə 2010-cu ildə 8119 şəxsdə bədxassəli şiş aşkar edilib ki, bu da 2009-cu illə müqayisədə 466 nəfər çoxdur.
Hesabatda bildirilir ki, ötən il ölkə üzrə onkoloji xəstəliklərdən ölənlərin sayı 59 nəfər azalaraq 5347 nəfər təşkil edib.
Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 21 dializ mərkəzində 1500-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.
Hesabatda Azərbaycanda 2010-cu ildə cərrahi əməliyyatların sayının 30 faiz çoxalması qeyd olunub.
"Əməliyyatların sayının artmasına baxmayaraq, istər planlı, istərsə də təcili əməliyyatlardan sonra ölüm halları azalıb. Ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də cərrahi əməliyyatların sayı artıb, diaqnostik və taktiki səhvlər xeyli azalıb", - hesabatda qeyd olunur.