...

Azərbaycan penitensiar müəssisələrində istehsalat sahələrinin yaradılması üçün sahibkarlara güzəştlər edilməlidir

Cəmiyyət Materials 14 Mart 2011 13:00 (UTC +04:00)
Azərbaycan penitensiar müəssisələrində istehsalat sahələrinin qurulması üçün sahibkarlara güzəştlər tətbiq olunmalıdır.
Azərbaycan penitensiar müəssisələrində istehsalat sahələrinin yaradılması üçün sahibkarlara güzəştlər edilməlidir

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan penitensiar müəssisələrində istehsalat sahələrinin yaradılması üçün sahibkarlara güzəştlər tətbiq olunmalıdır. Bunu Trend-ə Penitensiar Xidmətin Təşkilat-Nəzarət İdarəsinin rəisi Musa Hümbətov deyib.

O, hesab edir ki, güzəştlərin tətbiqi ilə sahibkarlar cəzaçəkmə müəssisələrində iş yerləri, yeni istehsalat sahələri açmaqda maraqlı olacaqlar.

"Penitensiar Xidmətə bu sahənin inkişafı üçün maliyyə ayrılmadığından, tenderlərdə iştirak edə bilmirik", - Hümbətov deyib.

İdarə rəisi bildirib ki, Avropa ölkələrində bu məqsədlə büdcədən pul ayrılır.

"Açılacaq istehsalat müəssisələrində gəlir əldə edilib-edilməyəcəyindən asılı olmayaraq, dövlət maliyyə ayırır. Dövlət bu sahədən gəlir götürməkdə maraqlı deyil. Bizdə isə dövlət bu sahəyə pul ayırmır, müəssisə rəhbəri özü sifariş toplayır. Finlandiyada hətta kompyuter, dil kurslarına gedən məhkumlar da işləyən sayılır və onlara əmək haqqı ödənilir", - o, qeyd edib.

Məhkumların əməyə cəlb olunması üçün əlverişli şərait və imkanların yaradılmasını zəruri sayan idarə rəhbəri penitensiar müəssisələrdə köhnə texnologiyalardan istifadə olunduğunu deyir.

"Qadın müəssisəsindəki tikiş sexində köhnə dəzgahlardı. Bu müəssisədə sifariş yoxdursa, istehsalat da yoxdur. Dövlət sifarişi də yoxdur. Toxucular da peşəkarlar deyil. Bu səbəbdən də həmin məhsulların satış, rəqabət imkanı yoxdur", - PX rəsmisi deyib.

O, qeyd edib ki, bəzi ölkələrdə strateji məhsullar məhz cəzaçəkmə müəssisələrində istehsal olunur. Məsələn yol nişanlarını, dövlət nömrə nişanlarını, bəzi nazirliklərə lazım olan kağız məhsullarını, mebelləri penitensiar müəssisələrdə istehsal edirlər.

Hümbətov deyir ki, ədliyyə orqanlarının inkişafı ilə bağlı 2009-2013-cü il üçün nəzərdə tutulan Dövlət Proqramında bu sahə ilə bağlı hissə olsa da, bu istiqamətdə işlərin görülməsi üçün maliyyə vəsaiti nəzərdə tutulmayıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Nizaməddin Cəlilov isə Trend-ə bildirib ki, məhkumlar bir qayda olaraq, cəzaçəkmə müəssisələrinin istehsalat, həmçinin bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar.

Azərbaycanda hazırda məhkumların 29,9 faizinin əməyə cəlb olunduğunu deyən rəis müavininin sözlərinə görə, onlardan 5,7 faizi istehsalat sahəsində çalışır.

İstehsalat sahəsində çalışan məhkumlar isə ilk növbədə özlərinin normal şəraitdə saxlanması üçün lazım olan geyim, yataq və məişət əşyalarının, habelə verilmiş sifarişlərə əsasən tikiş, dəmir məmulatları, mebel, dəmir-beton dirəklər və müxtəlif suvenirlər istehsal edirlər.

Məhkumlardan 6,23 faizi isə təsərrüfat və məişət xidməti işlərində əməyə cəlb olunublar. Onlar əsasən aşpaz, dəllək, dərzi, çəkməçi, bağban, rəssam kimi çalışırlar. Belə məhkumların bu sahədə xüsusi bacarıqları olmalıdır.

Rəis müavini deyir ki, işləyən məhkumlarla əmək müqaviləsi bağlanır. Müqavilələrin ikitərəfli razılaşma yolu ilə həyata keçirildiyini deyən Cəlilov bildirib ki, məhkumla əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin vəzifələri və məsuliyyətləri Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla tənzimlənir.

Məhkumların da digər işləyənlər kimi istirahət hüququna malik olduğunu deyən Cəlilov bildirib ki, məhkumların məzuniyyət və istirahət hüquqları Cəzaların İcrası Məcəlləsinə müvafiq olaraq təmin edilir və məkumlara istirahət günləri verilir, onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada iş günü hesab edilməyən bayram günlərində işdən azad edilirlər. Həmçinin, əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər.

Məhkumların əməyinin ödənilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunduğunu deyən rəis müavini bildirib ki, məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdirlər.

Əməyə cəlb olunmuş məhkumlar minimum əmək haqqından başlayaraq gördükləri işə uyğun olaraq əmək haqqı alırlar.

"Cəzaçəkmə müəssisələrində təsərrüfat və məişət işlərinə cəlb edilmiş məhkumların sayı müəssisədə cəza çəkməsi nəzərdə tutulan məhkumların sayının on faizindən çox ola bilməz. Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər. Onların əmək hüquqlarının həyata keçirilməsi ilə digər vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinə qanunvericilik fərq qoymur", - Cəlilov deyib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən müəyyən məbləğ tutulur. Məhkumların əmək haqqından gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və digər ödənişlər tutulur.

Rəis müavini qeyd edib ki, cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların şəxsi hesabına, bütün tutulmalı məbləğlərdən asılı olmayaraq, onlara hesablanmış aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı əlli faizi, altımış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumların, birinci və ikinci qrup əlilliyi olan məhkumların, yetkinlik yaşına çatmayanların və hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınların şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı altmış faizi keçirilir.

Cəlilov "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı" və "Ədliyyə Sahəsində İslahatlara Dəstək Proqramı" çərçivəsində məhkumların iş şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması istiqamətində işlər aparıldığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti