Azərbaycan, Bakı, 19 iyul /Trend/
Dünya miqyasında tanınmış türkoloq-alim, Macarıstan EA-nın həqiqi üzvü, professor Georq Xazai şəxsi kitabxanasının türkologiyaya aid bölümünü - təxminən 1000 ədəd kitab və jurnalı, habelə bir sıra şəxsi arxiv materiallarını Azərbaycan MEA kitabxanasına bağışlamaq qərarına gəlib.
Bu münasibətlə iyulun 19-da Azərbaycanın Macarıstandakı səfirliyində kitabların təqdim olunması mərasimi keçirilib. Nəcib hərəkətinə görə macar aliminə səmimi təşəkkürlərini bildirən səfir Vilayət Quliyev bu addımın iki ölkənin türkoloq alimləri arasındakı əlaqələrin inkişafına mühüm töhfə olduğunu bildirib və Azərbaycanın elmi ictimaiyyəti adından akademik Georq Xazaiyə minnətdarlığını çatdırıb. Bu barədə çərşənbə axşamı səfirlikdən Trend-ə məlumat verilib.
Akademik Georq Xazai Budapeştdəki Azərbaycan səfirliyi ilə sıx əlaqələrin nəticəsi olaraq və Azərbaycanı dünyanın mühüm türkoloji mərkəzlərdən biri hesab etməsinin təsiri ilə şəxsi kitabxanasının bir qismini Azərbaycan Milli Elmlər Akademiyasının Əsaslı kitabxanasına bağışlamaq qərarına gəldiyini bildirib. O, kitabların öz həqiqi oxucularına çatacağına, azərbaycanlı alimlərə yeni tədqiqatlar üçün imkan və stumul yaradacağına ümid etdiyini vurğulayıb.
Akademik Georq Xazai 1932-ci ildə Budapeştdə doğulub. 1950-1954-cü illərdə Macarıstan paytaxtındakı ELTE universitetinin türkologiya bölümündə təhsil alıb. 1956-1957-ci illərdə türk dilləri üzrə mütəxəssis kimi Sofiya universitetində çalışıb. 1962-1983-cü illərdə Berlindəki Humboldt Universitetinin professoru, eyni zamanda, Almaniya EA-nın Turan araşdırmaları qrupunun rəhbəri olub. 1992-1999-cu illərdə Kiprdəki Ağdəniz Universitetinin Türkologiya bölümünə rəhbərlik edib. 2000-ci ildə Budapeştdə Andraşi Universitetini yaradıb və ilk rektoru olub. O, 1982-ci ildə Macarıstan EA-nın müxbir üzvü, 1995-ci ildə isə həqiqi üzvü seçilib. Türkiyə Dil Qurumunun, Türkiyə Tarix Qurumunun, Avropa Akademiyasının (London), Amerika Şərqşünaslar Cəmiyyətinin həqiqi üzvüdür.
Macar aliminin Azərbaycanla əlaqələri 1950-ci illərdən başlanıb. Onun bir sıra məqalələri 1975-ci ildən etibarən Bakıda çıxan "Sovetskaya turkologiya" jurnalında dərc edilmişdir. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə 2007-ci ildə professor Georq Xazainin əsərlərinin biblioqrafiyası Bakıda nəşr olunub.
Akademik Georq Xazainin Azərbaycan MEA kitabxanasına hədiyyə etdiyi kitablar 1960-1990-cı illər arasında Türkiyədə, ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Bolqarıstanda və s. ölkələrdə türk, ingilis, fransız, alman dillərində çap olunan elmi əsərlərdir. Onların sırasına lüğətlər, soraq kitabçaları, ensiklopediyalar, bir sıra qədim dil abidələrinin elmi-tənqidi mətnləri daxildir.