...

Milli filmlərin qiymətləri astronomik rəqəm deyil - nazirlik

Cəmiyyət Materials 28 Sentyabr 2011 17:09 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin studiyaları tərəfindən çəkilən filmləri yerli telekanallar istədikləri vaxt efirlərində nümayiş etdirə bilərlər.
Milli filmlərin qiymətləri astronomik rəqəm deyil - nazirlik

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin studiyaları tərəfindən çəkilən filmləri yerli telekanallar istədikləri vaxt efirlərində nümayiş etdirə bilərlər. Bunu çərşənbə günü Trend-ə nazirliyin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov deyib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirmişdi ki, dövlət büdcəsindən milli kinonun inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyinə ayrılmış vəsait hesabına hər il 7-8 bədii film çəkilsə də, həmin filmlər efirdə göstərilmir. Buna görə də Mədəniyyət və Turizm Nazirliyi həmin filmlərin Azərbaycan efirində nümayişinə xüsusi fikir verməlidir. Bu, Azərbaycan efirində xarici ölkələrin teleseriallarının nümayişinin azalmasına da təsir göstərər.

Şeyxov bildirib ki, kanallar həmin filmlərin nümayişinə görə filmi istehsal edən studiyalara müəyyən maliyyə vəsaiti ödəməlidirlər. Studiyalar da bu vəsaiti filmin rejissoru, operatoru, bəstəkarı və digər işçiləri arasında müəllif haqqı kimi paylaşdırmalıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, milli filmlərin qiymətləri də astronomik rəqəm deyil.

Şeyxov Azərbaycan kanallarında hazırda yalnız lisenziyalı filmlərin nümayiş olunduğunu da söyləyib.

Onun sözlərinə görə, kanallarda Mədəniyyət və Turizm Nazirliyinin reyestrində qeydə alınmış filmlər nümayiş olunur.

Xəbər lenti

Xəbər lenti