Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi peşə-ixtisas təhsili müəssisələrində işləmək istəyənlər üçün sənəd qəbulunu bu gün yekunlaşdırıb. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib.
Onun sözlərinə görə, işə qəbul üçün müsabiqə ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerləri üzrə keçirilir. Hazırda vakant yerlərə ərizə verən namizədlərin sənədləri araşdırılır.
Gələn həftə artıq imtahanların keçirilmə tarixləri açıqlanacaq. İmtahan bir gün ərzində Bakıda keçiriləcək.
"Vakant yerlərdə işləmək üçün 50 nəfər müraciət edib. Müraciət edənlərin sayı azdır. Amma bu o demək deyil ki, müraciət edənlərin hamısı işə qəbul olunacaq", - Məmmədov bildirib.
Azərbaycanda peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul üçün müsabiqə bu il ilk dəfə keçirilir.
Ümumilikdə müsabiqəyə 46 xüsusi fənn müəllimi, 58 istehsalat təlimi ustası üzrə vakant yer çıxarılıb.
Peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul üçün sənədlərin qəbuluna oktyabrın 3-dən başlanıb.