Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir B.Hacıyev/
Noyabrın 11-13-də Rusiya Federasiyasının paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə komandalararası Avropa Millətlər Kuboku turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, turnirdə yunan-Roma güləşi üzrə Azərbaycan, Rusiya, Türkiyə və Belarus, sərbəst güləş üzrə isə Azərbaycan, Rusiya, Türkiyə, Macarıstan, Bolqarıstan və Belarus komandaları iştirak edəcək.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yığmamızın heyətində Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Emin Əzizov (66 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi 74 kq), Novruz Temrezov (84 kq), Hacı Əlicanov (96 kq) və Aslan Dzebişov (120 kq) yer alıb.
Yunan-Roma güləşi üzrə yığma komandamız məşqçilər Salih Bora və Şaban Donatın rəhbərliyi altında ilk sınağına çıxacaqlar. Komandamızı turnirdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Çunayev, Azad Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov, Emin Əhmədov (hər ikisi 74 kq), Fuad Əliyev (84 kq), Araz Həsənov (96 kq) və Maksim Proxorov (120 kq) təmsil edəcəklər.
Görüşlərin idarə edilməsində ölkəmizi AGF Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.