Azərbaycan, Bakı, 5 yanvar /Trend müxbir H.Vəliyev/
Kompüter avadanlıqları istehsalı üzrə ixtisaslaşan KÜR zavodu rəqəmsal televiziya üçün dekoderlərin kütləvi istehsalına başlayıb. Bu barədə cümə axşamı Trend-ə KÜR zavodundan məlumat veriblər.
"Onlar yaxın 10 gündə satışda olacaq. Dekorderlər "Prestije" brendi altında kompüter və məişət texnikası mağazalarının pərakəndə satış şəbəkələrinə çatdırılacaq", - müəssisədən bildiriblər.
Dekoderlərin zavodun obyektlərində seriya istehsalının buraxılışı onların qiymətinin xeyli azadılmasına və dekoderlərdən əhalinin geniş təbəqəsinin istifadəsinə imkan verdi. İlkin olaraq dekoderlər satışa 30-40 manata çıxarılacaq.
Azərbaycanda rəqəmsal yayımın inkişafı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında qoyulan prioritet vəzifələrdən biridir. Nazirlik yaxın müddətdə respublikanın bütün ərazisində rəqəmsal yayımı genişləndirmək niyyətindədir.
Azərbaycanda rəqəmsal televiziyaya keçid analoq siqnalın rəqəmsalla əvəz olunmasını nəzərdə tutur. "Teleradio" İstehsalat Birliyi artıq respublika əhalisinin 85 faizini əhatə etməyə imkan verən şəbəkə infrastrukturunu qurub. 2012-ci ilin sonuna qədər ölkənin ucqar ərazilərinin və yaşayış məntəqələrinin rəqəmsal siqnalla tam əhatə olunması gözlənilir.
Azərbaycanda analoq yayım ölkə tam rəqəmsal televiziya yayımına keçdikdən sonra dayandırılacaq. Nazirliyin iş planına əsasən, rəqəmsal televiziyaya tam keçid 2013-cü ildə gözlənilir.
Televiziyanın rəqəmsal yayımına keçmək üçün abunəçilər dekoder əldə etməlidirlər.
Yanvarın 5-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.