...

Dəniz Administrasiyasının rəisi: Neft məhsullarının daşınması zamanı standartların yerinə yetirilməməsi Xəzərin çirkləndirilməsinə gətirib çıxara bilər (FOTO)

Cəmiyyət Materials 18 İyun 2012 11:49 (UTC +04:00)
Xəzərdə neft və neft məhsullarının dənizlə daşınması zamanı beynəlxalq səviyyədə müəyyən olunmuş standartların yerinə yetirilməməsi Xəzər dənizinin ekoloji cəhətdən çirkləndirilməsinə gətirib çıxara bilər.
Dəniz Administrasiyasının rəisi: Neft məhsullarının daşınması zamanı standartların yerinə yetirilməməsi Xəzərin çirkləndirilməsinə gətirib çıxara bilər (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Xəzərdə neft və neft məhsullarının dənizlə daşınması zamanı beynəlxalq səviyyədə müəyyən olunmuş standartların yerinə yetirilməməsi Xəzər dənizinin ekoloji cəhətdən çirkləndirilməsinə gətirib çıxara bilər. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bunu Administrasiyasının rəisi Qüdrət Qurbanov bu gün Bakıda öz işinə başlayan "Neftlə çirklənmə zamanı fövqəladə tədbirlərin planlaşdırılmasına dair xəzəryanı dövlətlər üçün regional tədbir"də çıxışı zamanı deyib.

Xəzər neftlə zəngin bir dəniz olduğunu deyən Qurbanov Xəzər dənizinin ekoloji cəhətdən çirkləndirilməsi hər bir Xəzəryanı dövlət üçün arzuolunmaz haldır. Onun sözlərinə görə, bu tədbirin keçirilməsinin əsas məqsədi də Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin təmin edilməsi üçün Beynəlxalq Dəniz Təşkilatı tərəfindən müəyyən edilmiş standartlarla bağlı tədbir iştirakçılarına ətraflı məlumatın verməkdir.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Beynəlxalq Dəniz Təşkilatı ilə birgə təşkil etdiyi "Neftlə çirklənmə zamanı fövqəladə tədbirlərin planlaşdırılmasına dair xəzəryanı dövlətlər üçün regional tədbir"də Beynəlxalq Dəniz Təşkilatının ekspertləri ilə yanaşı, Xəzəryanı ölkələrin - Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisi, Nazirlər Kabineti, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat nazirliklərinin, Dövlət Sərhəd Xidməti, Dövlət Neft Şirkəti, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Dəniz Neft Donanmasının və dənizçilik sahəsində fəaliyyət göstərən digər təşkilatların nümayəndələri iştirak edirlər.

Tədbir dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Beynəlxalq Dəniz Təşkilatı ilə birgə Bakı şəhərində təşkil etdiyi 3-cü beynəlxalq səviyyəli tədbirdir. Belə yüksək səviyyəli təlim mahiyyətli tədbirlərin keçirilməsi Xəzəryanı dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunan tədbirdə gəmidən neft axınına səbəb olmuş, ya da səbəb ola biləcək hər hansı bir hadisə haqqında təxirə salmadan məlumat vermə, çirkləndirmə xəbərdarlığından sonrakı işlər, çirkləndirmə hadisələri ilə bağlı təcili və effektiv mübarizənin milli sisteminin təşkili, çirklənmə ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üzrə təcrübə mübadiləsi aparılacaq.

Tədbir iyunun 20-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti