...

Türkiyə Qızıl Ayının nümayəndə heyəti Bakıya səfər edib

Cəmiyyət Materials 16 Noyabr 2012 13:26 (UTC +04:00)
Türkiyə Qızıl Ayının prezidenti Lütfi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovun dəvəti ilə noyabrın 14-də Bakıya gəlmişlər.
Türkiyə Qızıl Ayının nümayəndə heyəti Bakıya səfər edib

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Türkiyə Qızıl Ayının prezidenti Lütfi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovun dəvəti ilə noyabrın 14-də Bakıya gəlmişlər. Səfərin məqsədi iki milli cəmiyyət arasında qarşılıqlı əməkdaşlıq sahəsində memorandumun imzalanması olmuşdur.

İlk olaraq noyabrın 15-də Türkiyə Qızıl Ayının nümayəndə heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş və məzarı üzərinə güllər düzmüşlər.

Həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının və 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsi də ehtiramla yad edilmişdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Türkiyə Qızıl Ayının nümayəndə heyətinin rəhbəri Lütfi Akarla Novruz Aslanovun görüşü olmuş və görüşdə gələcək fəaliyyətlər barədə müzakirələr aparılmışdır.

Daha sonra Türkiyənin Azərbaycandakı Səfirliyində milli cəmiyyətlər arasında qarşılıqlı əməkdaşlıq sahəsində memorandum imzalanmışdır. Memorandumda əsasən sosial, tibbi, humantar, fövqəladə hallara hazırlıq və miqrasiya sahələrində əməkdaşlıq istiqamətləri təsbit olunmuşdur. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Türkiyə Qızıl Ayının prezidenti Lütfi Akar və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov çıxış etmişlər. İmzalanma mərasimində media nümayəndələri də iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti