...

Azərbaycanın turizm və mədəniyyət şöbələrinin vəzifəli şəxslərinə xəbərdarlıq edildi

Cəmiyyət Materials 27 Dekabr 2012 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ilin yekunlarına dair keçirilən kollegiya iclasında rayon turizm və mədəniyyət şöbələrinin vəzifəli şəxslərinə ismarıc göndərib.

Trend-in məlumatına görə, nazir çıxışı zamanı bəzi işçilərin köhnə təfəkkürlü olmasından təəssüfləndiyini deyib.

"Regionlardakı rəhbərliklər məni o səviyyəyə çatdırıblar ki, mədəniyyət naziri olaraq, istintaq orqanları ilə işləməyə məcburam. Mən bu vəzifəyə gələn ilk gündən demişəm ki, mədəniyyət və incəsənət sahəsində işləyən bütün insanlar bu cəmiyyətin qaymaqları olmalıdırlar. Rayonda işləyən mədəniyyət və turizm şöbəsinin, kitabxanaların, muzeylərin müdirləri cəmiyyətdə sayılan və hörmət edilən insanlar olmalıdırlar. Ancaq mən məlumatlar alıram ki, orada "üç qəpik oğurladılar", "artıq stol sildilər" və s", - Qarayev deyib.

Nazir əlavə edib ki, mədəniyyət işçilərinin adlarının hansısa cinayətkarlıqda hallanmasını istəmir. Onun sözlərinə görə, əfsuslar olsun ki, Şəki və Qazax rayonunda belə hallar baş verib.

"Şəki rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş rəhbəri və onun tövsiyələri ilə hərəkət edən bir neçə işçilərimiz oldu. Qazax rayonunda səhlənkarlıqdan, diqqətsizlikdən, məsuliyyətsizlikdən o vəziyyət yarandı ki, orada sənədlər prokurorluğa göndərildi. Biz bu işçiləri azad etmişik", - nazir deyib.

Belə işçiləri müdafiə etmək niyyətində olmadığını açıqlayan Qarayev bildirib ki, əgər onlar "bizim ailə"nin qanunlarına uyğun hərəkət etmirlərsə, onlara riayət etmirlərsə və ona xələl gətirmək niyyətindədirlərsə, onları müdafiə etməyəcəyik.

Qeyd edək ki, bu il Qazax rayon Mədəniyyət və Turizm Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Nəticədə şöbədə artıq ştat vahidlərinin saxlanıldığı, işçilərin əmək haqlarının aylıq ödəniş dərəcələrinin düzgün müəyyənləşdirilmədiyi və s. aşkarlanıb.

2010-cu ildə Hesablama Palatası Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsində dövlət büdcəsinin və yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verildiyini üzə çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti