Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Novruz bayramı" festivalı keçirəcək.
İdarədən cümə günü Trend-ə verilən məlumata görə, festival 4 gün ərzində - martın 20-dən 23-dək davam edəcək və Qoşa Qala Qapısı Meydanında "Meydan bazarı" təşkil olunacaq. Festivalda milli tətbiqi sənət məhsulları və suvenirlərin sərgi-satışı təşkil olunacaq, milli mətbəx ustaları öz məharətlərini nümayiş etdirəcəklər. Rəngarəng konsert proqramında bütün janrlar nəzərə alınıb, kəndirbazlar, sehrbaz və pəhləvanlar öz məharətini göstərəcək, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları hesab olunan kosa və keçəlin iştirakı bayram əhval-ruhiyyəsini daha da artıracaq. Konsert proqramında muğamla yanaşı, mahir ifaçıların çıxışında klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səslənəcək.
Novruz tədbirləri İçərişəhərlə eyni vaxtda mart ayının 20-21-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da təşkil olunacaq. Burada şəraitin üstünlüyünü nəzərə alınaraq milli oyunların keçirilməsi planlaşdırılıb. "Qala" Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də İçərişəhərdən - Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.