Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yoluna sadə vətəndaşların-fotoqrafların gözü ilə baxılacaq.
Trend-in məlumatına görə, bunu Trend Beynəlxalq İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında "İRƏLI" İctimai Birliyinin sədri Rauf Mərdiyev deyib.
Onun sözlərinə görə, "Azərbaycanın inkişafı-10 il" layihəsinə start verilib. Layihənin icra edilməsi təşəbbüsü "İRƏLI" İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbvaycanlı Gənclərin Forumu tərəfindən irəli sürülb. Layihə çərçivəsində "Azərbaycanımın inkişafı-10 il" mövzusunda foto müsabiqə elan edilib.
Mərdiyev bildirib ki, müsabiqədə yalnız peşəkar deyil, həm də həvəskar fotoqraflar iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən fotoqraflar [email protected] elektron ünvanına fotolar göndərə bilərlər. Müsabiqəyə təqdim olunmuş şəkillər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi facebook səhifəsində təqdim ediləcək. Onlar arasında ən cox bəyənilən şəklin müəllifləri xüsusi hədiyyərlə təltif olunacaqlar.