...

Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin vəzifəli şəxslərinin cəzaları yüngülləşdirildi

Cəmiyyət Materials 15 May 2013 13:52 (UTC +04:00)
Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin baş mühasibi və müdiri vəzifələrində işləmiş Elmira Məmmədova və digər şəxslərin cinayət işindən verilmiş apelyasiya şikayətləri və Baş Prokurorluğun verdiyi apelyasiya protesti üzrə məhkəmə başa çatıb.
Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin vəzifəli şəxslərinin cəzaları yüngülləşdirildi

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Məmmədov/

Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin baş mühasibi və müdiri vəzifələrində işləmiş Elmira Məmmədova və digər şəxslərin cinayət işindən verilmiş apelyasiya şikayətləri və Baş Prokurorluğun verdiyi apelyasiya protesti üzrə məhkəmə başa çatıb.

Şəki Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin baş mühasibi və müdiri vəzifələrində işləmiş Elmira Məmmədova, şöbənin xəzinədarı Sevinc Abdullayeva, şöbənin mühasib xəzinədarı Bahar Maksudi, "Beynəlxalq Bank" ASC-nin Şəki filialının müdiri vəzifəsində işləmiş Ramazan Həmidov, Şəki Şəhər Mədəniyyət Şöbəsinin müdiri İbrahim Rəsulov, Şəki şəhərində yerləşən "KEN TELEKOM" mağazasını müdiri vəzifəsində işləmiş Elçin Kərimov, Şəki şəhərində yerləşən "Samsung" mağazasının müdiri Davud İsayevin barəsində verilmiş şikayətlər üzrə məhkəmə qərarı elan edilib.

Qərara görə, Elmira Məmmədova, Sevinc Abdullayeva və İbrahim Rəsilovun apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Elmira Məmmədova və Sevinc Abdullayevanın hər birinin cəzasından 2 il çıxılmaqla barələrində 8 il müddətinə cəza təyin edilib. İbrahim Rəsulovun ittiham olunduğu Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməsi barədə qərar qəbul edilib. Buna görə də məhkəmə İbrahim Rəsulovun 7 il müddətinə aldığı şərti cəzadan 5 il çıxaraq onun barəsində 3 il müddətinə şərti cəza təyin edib.

Hökmün məhkumlar Ramazan Həmidov, Bahar Maksudi və Elçin Kərimova aid hissəsi dəyişdirilmədən saxlanılması barədə qərar açıqlanıb. Məhkəmənin qərarında daha sonra qeyd edilir ki, dövlət ittihamçısı Fuad Musayev tərəfindən verilmiş apelyasiya protesti təmin edilməyib.

Təqsirləndirilən Davud İsayev tərəfindən verilmiş apelyasiya şikayəti tam təmin edilib. Belə ki, məhkəmənin hökmünün Davud İsayevə aid hissə ləğv edilərək cinayətin törədilməsində aidiyyəti olmadığından və onun təqsirliliyi sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilib.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmira Məmmədova 10 il, Sevinc Abdullayeva 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən şəxslər - Ramazan Həmidov 7 il 6 ay, İbrahim Rəsulov 7 il, Bahar Maksudi 7 il 6 ay, Elçin Kərimov 7 il müddətinə şərti, Davud İsayev 3000 manat miqdarında cərimə cəzası almışdılar.

Təqsirləndirilən şəxslər tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və vəzifə saxtakarlığı törədiblər. Bununla da onlar qabaqcadan əlbir olan qrup şəxslə onlara etibar edilmiş xeyli və küllü miqdarda özgə əmlakını təkrarən mənimsəmə yolu ilə talayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti