Azərbaycan, Bakı, 2 avqust /Trend/
Bu tədris ili üçün bakalavr pilləsinə TQDK-nın I qrupu üzrə imtahan verən abituriyentlər Azərbaycan Diplomatik Akademiyası (ADA) tərəfindən təklif edilən yeni ixtisaslar - "Kompüter elmləri" və "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi"ndən yararlana biləcəklər.
Akademiyadan Trend-ə verilən məlumata görə, əlavə edilən yeni ixtisaslar ADA-nın akademik proqramlarının genişləndirilməsi prosesinin bir hissəsidir. Akademiyanın strategiya və inkişaf üzrə prorektoru Emin Hüseynovun sözlərinə görə, cəmi yeddi il əvvəl yaradılan ali təhsl ocağı Xarici İşlər Nazirliyinin əməkdaşları üçün qısamüddətli təlim proqramları keçirən mərkəzdən altı bakalavr və üç magistr dərəcəsi üzrə təhsil verən çoxprofilli universitetə çevrilib.
Mühəndislik və İnformasiya Texnologiyaları İnstitutunun (MİTİ) yaradılması prosesində ADA dünyanın bu sahə üzrə aparıcı universitetləri ilə əməkdaşlıq edəcək. Koreya Elm və Texnologiya Araşdırmaları İnstitutu (Korean Advanced Institute of Science and Technology - KAIST) belə tərəfdaşlardan biridir. İki ali məktəb arasında əldə edilən ilkin razılaşmaya görə, KAIST yeni İnstitutun kafedraları, o cümlədən kompüter, mexaniki, elektrik, mülki mühəndislik, informasiya texnologiyaları sistemləri kafedralarının planlaşdırılması, tədris proqramlarının işlənilməsi, tanınmış xarici mütəxəssislərin dekan və professor heyəti kimi cəlb edilməsi istiqamətində ADA ilə birgə iş aparacaq. KAIST, həmçinin dərsliklərin müəyyən edilməsi, laboratoriyalar və avadanlığın qurulması, İT sahəsində yerli, regional və qlobal məşğulluq bazarının hazırkı və gələcək meyillərinin öyrənilməsi üzrə Akademiyaya ilə əməkdaşlıq edəcək.
ADA-nın prorektoru E.Hüseynovun bildirdiyinə görə, MİTİ-nin formalaşdırılmasına KAIST kimi tərəfdaşların cəlb edilməsi ADA-nın akademik sahələrini genişləndirməklə yanaşı, Azərbaycanda bu sahə üzrə mükəmməl və dünyanın aparıcı məktəbləri ilə ayaqlaşa biləcək İnstitutun yaradılmasına imkan verəcək.
2013-2014-cü tədris ilində bakalavrlar ADA-da kompüter və İT ixtisasları ilə yanaşı, II və III qruplar üzrə "Beynəlxalq münasibətlər", "Biznesin idarə edilməsi", "İqtisadiyyat, dövlət və ictimai münasibətlər" ixtisasları arasında da seçim edə bilərlər. Yayın əvvəlində isə ADA magistr pilləsinə qəbulu uğurla başa çatdıraraq "Diplomatiya və beynəlxalq münasibətlər", "Dövlət və ictimai siyasət", "Executive MBA" ixtisasları üzrə 100-ə yaxın tələbə yığıb.