Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/
Son günlər "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru və prezidentliyə namizəd Cəmil Həsənlinin mətbuat katibi Oqtay Gülalıyev müxtəlif KİV-lərə müsahibələr verərək, daha sonra yuxarı instansiyalara, o cümlədən respublikanın daxili işlər nazirinə müraciət edərək, oğlu Əlgürşad Gülalıyevin bir neçə şəxs tərəfindən döyülərək xəsarət yetirilməsini özünün ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir. Bununla yanaşı o, həmin faktla bağlı başlanmış cinayət işinin istintaqı ilə əlaqədar işi aparan müstəntiqin bir neçə polis əməkdaşı ilə öncədən xəbərdar etməklə Ə.Gülalıyevin yaşadığı ünvana gedərək oğlunu dindirmək istəyini evinə basqın, oğluna təzyiq kimi qiymətləndirir.
Məsələ ilə əlaqədar Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə O.Gülalıyevin məişət zəminində baş vermiş adi bir hadisəni zorla siyasiləşdirməyə cəhd göstərdiyini, bu məqsədlə sözügedən şəxsin və yaxınlarının istintaq-əməliyyat qrupunun üzvlərini ciddi-cəhdlə yanlış istiqamətə yönəltməyə və faktiki Əlgürşadın ifadə verməsini müxtəlif bəhanələrlə əngəlləməyə çalışdığını bildirib: "Əslində isə bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə əməliyyat qrupu göndərilib, təhqiqat aparılıb. Sonra cinayət tərkibi olduğuna görə faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisənin 1996-cı il təvəllüdlü, Bakı şəhər sakini Rəşad Şirinov tərəfindən törədildiyi müəyyən edilib. Məlum olub ki, bir müddət əvvəl Əlgürşad Gülalıyev tanışlarının Rasim kimi tanıdığı Rəşad Şirinovun yaxın dostu Rahib adlı şəxsin bacısı haqqında təhqiramiz fikirlər səsləndirib və əxlaqsız ifadələr işlədib. Bu zəmində də sentyabrın 22-də Rəşad, Niyaz, Zamiq və Şirvan adlı şəxslərin iştirakı ilə mübahisə baş verib, münasibətlərin ayırd edilməsi zəminində Əlgürşad Gülalıyev Rəşad Şirinovu yumruqla vurub, o da öz növbəsində sonuncuya bıçaqla bud nahiyəsindən xəsarət yetirərək hadisə yerindən qaçıb".
Şöbə rəisi O.Mansurzadə qeyd edib ki, polis tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Rəşad Şirinov tutulub və o, cinayətin aləti olan bıçağı da istintaqa təqdim edib. Hazırda faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.