...

DQİDK dini radikalizmə qarşı tədbirləri davam etdirir

Cəmiyyət Materials 4 Aprel 2014 17:27 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qubada radikalizmə qarşı təşkil etdiyi təlim kursuna din xadimləri və ilahiyyatçılar cəlb olunub.
DQİDK dini radikalizmə qarşı tədbirləri davam etdirir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qubada radikalizmə qarşı təşkil etdiyi təlim kursuna din xadimləri və ilahiyyatçılar cəlb olunub.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi Dini Araşdırmalar Mərkəzi ilə birgə Quba şəhərində növbəti istiqamətləndirici təlim kursu təşkil edib. Kursa şimal bölgəsinə daxil olan rayonların (Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən) dini icma sədrləri, din xadimləri və ilahiyyatçıları qatılıblar.

Təlim kursu radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə cəlb olunmuş 40-a yaxın kurs iştirakçısına ölkənin bu sahə üzrə tanınmış mütəxəssisləri "Azərbaycanda dövlət-din münasibətləri: problemlər və onların həlli yolları", "Müstəqillikdən sonra Azərbaycanda din və milli-mənəvi dəyərlər", "Dini radikallığın yaranma səbəbləri və təzahür formaları", "Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları", "Məzhəblərarası yaxınlaşma və dinlərarası dialoq prinsipinin əsasları", "Dini radikalizmlə mübarizədə dünya təcrübəsi" və digər aktual mövzularda mühazirələr oxuyublar.

Kursun açılış mərasimində çıxış edən Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Ə.Zülfüqarov bildirib ki, qeyd olunan sahədə qarşıya qoyulmuş məqsədlərə çatmaq baxımından ən vacib amillərdən biri də radikal və zərərli dini qruplara qarşı mübarizədə sağlam mövqe nümayiş etdirən din xadimlərinin və nüfuzlu ilahiyyatçıların bu istiqamətdə fəaliyyətlərinin düzgün qurulması və təşkil olunmasıdır.

Daha sonra din sahəsində mövcud problemlər və onların həll yollarından danışan Dövlət Komitəsinin nümayəndəsi dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılmasının zəruriliyini qeyd edib. O bildirib ki, cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin sonuncu rübündən başlayan kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakı, Zaqatala və Ağdaşda keçirilib. Qubadan sonra növbəti kursun cənub bölgəsi üzrə keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti