...

Beynəlxalq Avrasiya Mətbuat Fonduna BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinə dair təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2014 13:44 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Beynəlxalq Avrasiya Mətbuat Fonduna BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinə dair təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT-nin Azərbaycandakı ofisinin təşkilatçılığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fonduna BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinə dair təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev qeyd edib ki, BAMF-nun BMT-nin İqtisadi və Sosial Şurasında bu cür yüksək status qazanması Azərbaycanda vətəndaş cəmiyyəti tarixində, ümumiyyətlə Azərbaycanın ictimai-siyasi həyatında mühüm bir hadisədir.

A.Quliyev bildirib ki, bu cür status almaq böyük iş, əmək və etimad qazanmaq bacarığı tələb edir. Bu statusun BMT-nin Şurasında əsas ali status olduğunu vurğulayan A.Quliyev qeyd edib ki, Azərbaycan QHT-sinin BMT-də də bu cür yüksək status qazanması çox sevindirici haldır.

Onun sözlərinə əsasən, statistikaya görə, dünyada ümumilikdə 10 milyondan çox QHT, beynəlxalq səviyyədə fəaliyyət göstərən 40 mindən çox QHT var və onlardan yalnız 147-si BMT-nin bu statusunu qazanmışdı və çox qürurverici haldır ki, BAMF 148-ci oldu: "Hesab edirəm ki, hamımız BAMF-nin sədri Umud Rəhimoğlunu ürəkdən təbrik etməliyik. Postsovet məkanında yalnız Rusiya QHT-ləri bu statusa malik olmuşdu və 2-ci ölkə Azərbaycan oldu. Bu, doğurdan da Azərbaycan vətəndaş cəmiyyətinin qələbəsidir".

A.Quliyev bildirib ki, BAMF-nin bu cür uğur qazanmasında dövlətin QHT-lərə göstərdiyi dəstəyin də mühüm rolu olub. Şura sədri bildirib ki, bu gün Azərbaycanda QHT-lərin fəaliyyəti üçün çox münbit şərait yaradılıb. A.Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin QHT-lərə göstərdiyi dəstək artıq öz nəticələrini verir və Azərbaycan QHT-ləri beynəlxalq aləmdə öz yerlərini tutrlar.

Onun sözlərinə görə, BAMF digər bir sıra beynəlxalq təşkilatlarda da Azərbaycanı lazımi səviyyədə təmsil edir: "Bu gün biz BAMF-ni beynəlxalq QHT hesab edə bilərik və bu təşkilata müxtəlif beynəlxalq layihələr həvalə edə bilərik".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk isə bildirib ki, BAMF-nin BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunu qazanması Azərbaycanda vətəndaş cəmiyyətinin və digər sahələrin inkişafı üçün əlverişli mühit yaradacaq.

A.Bruk deyib ki, BAMF bu statusu qazanmaqla həm şərəfli, həm də məsuliyyətli bir vəzifəni öz üzərinə götürüb: "İnanıram ki, BAMF bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verəcək. Bizim əməkdaşlıq edəcəyimiz sahələr genişdir".

Daha sonra çıxış edən Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, BMAF-nin bu statusu qazanması yalnız onun yox, bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətinin uğurudur: "Qanunvericilik müzakirələri, qanunlara əlavə və dəyişiklər zamanı ən ciddi tənqidləri, təklif və təkidləri QHT-lərdən eşitmişəm. Bir sıra hallarda bu, bizi güzəştlərə getməyə məcbur edir. Amma biz bunu məmnuniyyətlə edirik, çünki hamımız anlayırıq ki, hüquqi və demokratik dövlətdə vətəndaş cəmiyyətinin əvəzsiz rolu var".

Ə.Hüseynli əlavə edib ki, dövlət orqanlarının da QHT-lərin, mətbuatın qaldırdığı məsələlərə adekvat və çevik reaksiya verməsi bu gün ölkəmizin sabit inkişafına gətirib çıxarıb: "Məhz bunun nəticəsidir ki, qonşu ölkələrdə müşahidə edilən siyasi kataklizmlər Azərbaycanda hiss olunmur".

Komitə sədri vurğulayıb ki, BAMF-nin BMT-də bu cür yüksək statusu əldə etməsi həm də beynəlxalq təşkilatla necə əməkdaşlıq etməyin nümunəsini göstərir: "QHT qanunvericiliynə etdiyimiz dəyişiklər həm yerli, həm də beynəlxalq donor təşkilatlarla şəffaf əməkdaşlıq etməyə əsaslar yaradıb. BAMF da bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərən şəffaf bir təşkilatdır və bu, digər təşkilatlar üçün nümunədir".

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov da BAMF-nin belə bir yüksək status əldə etməsinin çox qürurverici hal olduğunu diqqətə çatdırıb: "Əgər ümumiləşdirmə aparsaq, hər bir vətəndaş cəmiyyəti təşkilatının nüfuz qazanmasının iki xüsusiyyətini görərik. Biri həmin QHT-nin ölkə daxilində əldə etdiyi uğurlar, həyata keçirdiyi layihələr, ikincisi isə QHT-lərin beynəlxalq təşkilatlarda təmsil olunması məsələsidir. Ona görə də, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət quran QHT böyük uğur və nüfuz qazanır".

V.Səlimov bildirib ki, bu baxımdan, BAMF hər iki sahədə öz fəaliyyətini quran QHT-dir və bu sahədə əldə etdiyi uğurlar onun BMT-də yüksək məşvərətçi statusu əldə etməsində böyük rol oynayıb.

V.Səlimov əlavə edib ki, BAMF-nin uğuru həm ölkə daxilində vətəndaş cəmiyyəti institutları tərəfindən, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir ki, ona bu cür yüksək status verilib.

Sonda çıxış edən BAMF-nin rəhbəri Umud Rəhimoğlu qeyd edib ki, bu status təkcə BAMF-nin yox, bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətinin qazanmış olduğu statusdur: "Bu statusun qazanılması bizim təşkilatımız tərəfindən çox gərgin səylər göstərildikdən, mübarizə aparıldıqdan sonra mümkün olub. Təşkilatımız fəaliyyətə başladığı gündən biz BMT agentlikləri, beynəlxalq qurumlarla əməkdaşlığa həmişə can atmışıq. Bu gün dünyanın elə bir qurumu yoxdur ki, biz onlarla sıx təmasda olmayaq".

U.Rəhimoğlu qeyd edib ki, bu status bir çox üstünlüklər verir: "Bu status bizə əhəmiyyətli beynəlxalq layihələrdə iştirak etmək, ölkəmiz haqqında daha geniş informasiyaları yaymaq, BMT-nin gündəliyinə ölkəmizlə bağlı məsələləri salmaq, bu məsələrlə bağlı müəyyən tədbirlərin keçirilməsinə nail olmaq və digər imkanlar verir".

Tədbirin sonunda Beynəlxalq Avrasiya Mətbuat Fonduna Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mükafatı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti