...

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 118 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Cəmiyyət Materials 15 Yanvar 2015 14:16 (UTC +04:00)
Yanvarın 15-də görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 118-ci ildönümünə həsr edilmiş elmi konfrans keçirilib.
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 118 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Yanvarın 15-də görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 118-ci ildönümünə həsr edilmiş elmi konfrans keçirilib.

AzərTAc xəbər verir ki, unudulmaz şəxsiyyətin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən konfransda tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İnstitutun rektoru Nazim Qasımov Azərbaycan təbabəti tarixində xüsusi yeri olan Əziz Əliyevin həyat və fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Əziz Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olub. Anası Zəhra xanım İbrahim bəy Süleymanbəyovun qızı idi. O, 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olub, 1917-ci ildə buranı bütün fənlər üzrə "əla" qiymətlərlə bitirib. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Hərbi Tibb Akademiyasına daxil olsa da, təhsili yarımçıq qalıbdır. Onun Bakı həyatı 1923-cü ildən başlayıb. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edib. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirib və universitetin daxili xəstəliklər kafedrasında saxlanılıb.

Qeyd olunub ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı vəzifələrində çalışarkən səhiyyə sahəsində problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. Əziz Əliyev 1934-cü il martın 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilib. O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. 1949-1950-ci illərdə Moskvada ÜK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib.

Diqqətə çatdırılıb ki, Əziz Əliyev həm də gözəl ailə başçısı olub. Qızı Zərifə xanım Əliyeva görkəmli oftalmoloq kimi ad-san qazanıb, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Qızı Gülarə xanım Əliyeva görkəmli musiqiçi, mahir piano ifaçısı olub. Oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor elmi dərəcələrinə yüksəlib. Əziz Əliyevin daha bir oğlu akademik Cəmil Əliyev hazırda Milli Onkologiya Mərkəzinin direktorudur.

Rektor qeyd edib ki, professor Əziz Əliyevin həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Ölkəmizdə ali tibb təhsilinin, ixtisasartırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə təşkilatları və müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi onun nəsillərə saxladığı irs öz dəyərini hələ də itirməyibdir.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında Əziz Əliyevin fəaliyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, görkəmli alimin ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub.

Konfransın elmi hissəsində institutun gənc alimlərinin təbabətin müxtəlif problemlərinə dair məruzələri dinlənilib və müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti