...

Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirilib

Cəmiyyət Materials 18 Mart 2015 17:16 (UTC +04:00)
Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirilmişdir.
Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirilib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirilmişdir.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında gerçəkləşən tədbirdə İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, türkiyəli şair Camal Safi, türk yazar Mehmet Ercan, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, Aparatın məsul əməkdaşları, rayonun icra strukturu, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyəti iştirak etmişlər.

Qonaqları əvvəlcə milliliyimizin, türk ulusunda ağsaqqallıq simvolu sayılan Dədə Qorqud qarşılamış, öz xeyir-duasını vermiş, üç tonqal qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət etmiş, dastanlarımızdan gələn qədim ənənələrimiz canlandırılmışdır. Novruz bayramının əsas rəmzlərindən olan kosa və keçəl qonaqları qarşılamış onlara bayram əhvali-ruhiyyəli səhnəciklər təqdim eymişlər. Sonra təndirin yanında qonaqlar duz-çörəklə qarşılanmış, onlara milli nemətlərimizdən təamlar təqdim edilmişdir. Türkdilli ölkə səfirləri, həmin ölkələrin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusunun əməkdaşları, onların ailə üzvlərinin iştirakı ilə baş tutan Novruz festivalında parkda qurulmuş hər bir türkdilli dövlətə məxsus çadırda milli mətbəxlər, adət-ənənələr, mərasimləri əks etdirən komponentlər göstərilmiş, sanki bütün Türk ulusunun ortaq dəyərləri nümayiş etdirilmişdir.

Türkdilli ölkələrin milli novruz ənənələrinin nümayiş olunduğu və hər bir türk dövlətini simvolizə edən çadırlara baxmaqla yanaşı, qonaqlar və tədbir iştirakçıları, rayon məktəblilərinin hazırladıqları Novruz guşələrinə, eləcə də milli adət-ənənələrimizi, həyat tərzimizi əks etdirən geyimlər, mərasimlər və başqa atributlara baxış keçirmiş, məktəblilərin hazırladıqları səhnəcikləri maraqla izləmişlər. Həmçinin tədbir çərçivəsində qonaqlara milli mətbəximizin şahı sayılan fərqli plov növlərindən ibarət Aş festivalı, milli ornometlərlə zəngin, Azərbaycanın müxtəlif regionlarının, eləcə də əzəli yurd yerimiz olan Qarabağın qədim sənətkarlıq ənənələrini əks etdirən xalçaçılıq nümunələri, eyni zamanda milli geyimimiz olan kəlağayılar təqdim edilmişdir.

Tarixi minillərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz bayramının gəlişi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram mərasimi qonaqlar və sakinlər tərəfindən böyük maraqla qarşılanmış və bayram tədbiri çıxışlarla davam etmişdir. Tədbirdə İlk çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qonaqları və rayon ictimaiyyətini bayram münasibətilə təbrik etmiş, onlara ən xoş və səmimi diləklərini çatdırmış, günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzulamışdır.

Daha sonra Türkiyə İş Birliyi və Koordinasiya Şurasının Bakı Nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polad çıxış etmiş öz bayram arzularını çatdırmışdır.

Bədii hissə ilə davam edən tədbirdə tanınmış türk şairi, Türk dünyasının, eləcə də Azərbaycan həqiqətlərini öz əsərlərində geniş təbliğ edən Camal Safi qələmə aldığı "Meracımız Qarabağ" şeirini səsləndirmişdir. Türkiyəli yazar Mehmet Ercanın çıxışından sonra tanınmış incəsənət ustalarımızın, eləcə də Türkiyə və Qazaxıstandan təşrif buyurmuş sənətçilərin ifasında bir-birindən gözəl xalq musiqilərimiz, Novruz mərasimlərini, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr nümayiş etdirilmişdir.

Bayram mərasimi dünyada məşhur olan Qarabağ atlarının üzərində cəngavərlərin üçrəngli bayrağımızı dalğalandıraraq tədbir məkanına gəlişi ilə yekunlaşmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti